AFFA-dan “lipa” əməliyyatı
20.11.2012 - 14:02
AFFA-dan “lipa” əməliyyatı
Bu gün keçirilən AFFA-nın İntizam Komitəsinin iclasında aşağı yaş qruplarının çempionatlarındakı saxtakarlıqlar araşdırılaraq müvafiq qərarlar çıxarılıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın “lipa” əməliyyatı günahkarların layiqli cəza alması ilə nəticələnib.

U-14 Liqasının “Qobustan”la matçında UGİM-in (Şamaxı) heyətində Allahşükür Süleymanov əvəzinə lisenziyası olmayan Fərid Qarayev meydana çıxıb. Eyni yarışda baş tutan “Şirvan”la matçda “Qobustan”ın heyətində Cavanşir Aydınovun əvəzinə lisenziyası olmayan futbolçu iştirak edib. Saxtakarlıq edən komandalara 0:3 hesablı məğlubiyyət verilib.

“Ağdam”la qarşılaşmada UGİM-in (Tərtər) heyətində Ramil Məmişovun saxta lisenziya ilə iştirak etdiyi də aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni cəza ŞKGB ilə matçda saxta lisenziya ilə oynayan Elmar Məmmədyarovun şərəfini qoruduğu UGİM-ə (Quba) də tətbiq olunub. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Tərtər təmsilçisinin futbolçuların lisenziyalarını saxtalaşdıran şəxs də müəyyənləşib. Komandanın baş məşqçisi Xaliq Abdullayev bu əməlləri üzündən 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.