Fatih Terim: “Mançester Yunayted”ə qarşı fantastik oynadıq
21.11.2012 - 11:59
Fatih Terim: “Mançester Yunayted”ə qarşı fantastik oynadıq
“Mançester Yunayted”ə qalib gəlmək çox vacib idi. Futbolçular fantastik oynadılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qalatasaray”ın baş məşqçisi Fatim Terim deyib.

Təcrübəli mütəxəssis bildirib ki, komandası “Mançester Yunayted”ə evdə 1:0 hesabı ilə qalib gəldikləri oyunda lazımı nəticə qazanmaq üçün əllərindən gələni hər şey edib: “Onlar əsl döyüş ruhu göstərdilər. Əgər bu keyfiyyətləri göstərə bilməsəydilər, “Mançester Yunayted”i məğlub edə bilməzdik. İndi biz dəqiq avrokuboklarda qalacağıq. Çünki ən azı 3-cü yeri özümüzə təmin etmişik. Ancaq ümid edirəm ki, 2-ci yeri tutub, Çempionlar Liqasının 1/8 finalına çıxacağıq”.

Terim son turda “Braqa” ilə səfər matçında nəticə qazanacaqlarına inanır: “Futbolda zəmanət yoxdur. Ancaq ümid edirəm ki, həmin ruhu “Braqa” ilə oyunda da göstərə biləcəyik. Onların turnir cədvəlində vəziyyətini nəzərə alsaq, boşalmış oynayacaqlar. Biz isə yalnız qələbəyə oynayacağıq”.