Avropa çempionatında püşk həyəcanı
21.11.2012 - 12:37
Avropa çempionatında püşk həyəcanı
Dekabr 5-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında 17 və 19 yaşadək oğlanlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013/2014 mövsümünün püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 11:30-da U-17-nin, saat 12:45-də isə U-19-un rəqibləri müəyyənləşəcək.

U-17-lərin yarışında ilkin mərhələdə 52 komanda iştirak edəcək ki, onlar da hər birində 26 komanda olmaqla 2 səbətə bölünüb. Əsasnaməyə uyğun olaraq, hər qrupda səbətlərin hər birindən 2 iştirakçı yer alacaq. Beləliklə, 52 komanda hər birində 4 yığma olmaqla, 13 qrupda mübarizə aparacaq.

Elit-raundda isə 28 komanda iştirak edəcək. Qrup mərhələsinin ilk 2 pillədə başa vuran 26 komanda ilə yanaşı, 3-cü pilləni tutanlar arasında ən yaxşı göstəriciyə malik olan komanda da mübarizəni davam etdirəcək. Onlara Almaniya yığması qoşulacaq. Həmin 28 komanda hər birində 4 iştirakçı olmaqla, 7 qrupa bölünəcək. Yalnız qrup qalibləri və final mərhələsinə ev sahibliyi edəcək Malta 2014-cü ildə keçiriləcək Avropa çempionatının final oyunlarında iştirak edəcək. Püşk öncəsi komandalar 2 səbətə bölünüblər. Yığmamız B səbətində yer alıb.

A səbəti: İngiltərə, Fransa, Hollandiya, İspaniya, Çexiya, Portuqaliya, Danimarka, Serbiya, Gürcüstan, Macarıstan, Belçika, Türkiyə, Yunanıstan, İsveçrə, İrlandiya, İtaliya, Xorvatiya, Rumıniya, Polşa, İslandiya, Norveç, Şimali İrlandiya, İsveç, Şotlandiya, Rusiya, Belarus.

B səbəti: Slovakiya, Avstriya, Ukrayna, Lüksemburq, Bosniya və Herseqovina, Finlandiya, İsrail, Bolqarıstan, Uels, Litva, Çernoqoriya, Azərbaycan, Sloveniya, Qazaxıstan, Albaniya, Estoniya, Ermənistan, Makedoniya, Kipr, Latviya, Farer adaları, Andorra, Moldova, San Marino, Lixtenşteyn, Cəbəllütariq.

U-19-un reqlamenti də U-17-də olduğu kimidir. Burada da ilkin mərhələdən 52 komanda mübarizəyə qoşulacaq. İspaniya isə ən yüksək reytinqli komanda olduğuna görə, mübarizəyə elit-raunddan başlayacaq.

İştirakçılar hər birində 4 komanda olmaqla 13 qrupda mübarizə aparacaq. İlk 2 pilləni tutan 26 komanda, eləcə də ən yaxşı 3-cü mübarizəni davam etdirəcək. Onlara elit-raundda İspaniya qoşulacaq. Elit-raundda mübarizə aparacaq 28 komanda 7 qrupa səpələnəcək. Yalnız 1-ci pilləni tutan 7 komanda final mərhələsinə adlayacaq. Həlledici mərhələyə ev sahibliyi edəcək Macarıstan da yarışa qoşulacaq. Yenə komandalar iki səbətə bölünüb.

Millimiz bu dəfə də B səbətində yer alıb:

A səbəti: Fransa, İngiltərə, Yunanıstan, Portuqaliya, Serbiya, Xorvatiya, Hollandiya, İtaliya, Türkiyə, Belçika, İrlandiya, Almaniya, Ukrayna, Çexiya, Norveç, Danimarka, Avstriya, Rumıniya, İsveçrə, Sloveniya, Şotlandiya, Rusiya, Polşa, Gürcüstan, Bosniya və Herseqovina, Çernoqoriya

B səbəti: Azərbaycan, Şimali İrlandiya, İsrail, Uels, Latviya, Estoniya, Sloveniya, Finlandiya, İslandiya, Ermənistan, Albaniya, Belarus, Bolqarıstan, Makedoniya, Moldova, Kipr, Farer adaları, Litva, İsveç, Qazaxıstan, Lüksemburq, Malta, Andorra, San Marino, Lixtenşteyn, Cəbəllütariq.

Qeyd edək ki, UEFA-nın İcraiyyə Komitəsinin qərarı ilə Cəbəllütariq bu il oktyabrın 1-dən müvəqqəti olaraq qitənin ali futbol qurumuna üzv qəbul edilib. Bu, İdman Arbitraj Məhkəməsinin ötən ilin avqustunda çıxardığı qərardan irəli gəlir. UEFA-nın gələn ilin mayında Londonda keçiriləcək növbəti – XXXVII konqresində adıçəkilən ölkə tam üzvlüyə qəbul ediləcək.