“Çelsi” baş məşqçisini qovdu
21.11.2012 - 13:56
“Çelsi” baş məşqçisini qovdu
Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Yuventus”a böyük hesablı məğlubiyyət “Çelsi”nin baş məşqçisi Roberto di Matteoya baha başa gəlib. Apasport.az saytının məlumatına görə, London klubunun rəhbərliyi həmyerlilərinə uduzmağı nəticəsində qrupdan çıxmaq işini çətinə salan italiyalı çalışdırıcısını istefaya göndərib. Artıq “Çelsi”nin rəsmi saytında rəhbərliyin qərarı açıqlanıb.

İstefaya səbəb eyni zamanda komandanın son oyunlardakı uğursuz nəticələrdir. Belə ki, “Çelsi” çempionatda son 4 oyunda cəmi 2 xal toplayıb.

Londonlular hesab edir ki, vəziyyəti dəyişmək üçün məhz indi baş məşqçi dəyişikliyini etmək lazımdır. Yaxın vaxtda yeni baş məşqçinin adı açıqlanacaq.

Qeyd edək ki, ötən mövsümün ortasında baş məşqçi əvəzi qoyulan di Matteo Çempionlar Liqasının qalibi olduqdan sonra bu posta təsdiqləmişdi.