Baş həkim: Ramin Musayevin ürəyi yox, mədəsi ağrıyır
21.11.2012 - 18:38
Baş həkim: Ramin Musayevin ürəyi yox, mədəsi ağrıyır
“Hazırda atamın vəziyyəti normaldır. Səhhəti ilə bağlı qorxulu bir şey yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin oğlu Elvin Musazadə deyib.

PFL prezidenti Ramin Musayevin səhhəti pisləşdiyindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Musazadə bildirib ki, atasının vəziyyəti bir neçə gün əvvəldən pisləşib: “Atamın ürəyindəki damarlardan birində daralma olub. Bütün bunlar siqaret çəkmək, əsəb gərginliyi keçirməklə bağlıdır. Əslində, atamın vəziyyəti bir neçə gün əvvəl pisləşmişdi. “Modern” klinikasına apardıq. Ancaq sonra iynə vurdurub, evə qaytardılar. Dünən isə yenidən halı pisləşdi. Hazırda Mərkəzi Klinik Xəstəxanada yatır. Nə vaxt evə buraxılacağı özündən asılıdır”.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev isə apasport.az saytına bildirib ki, əslində, PFL prezidentinin ürəyi yox, mədəsi ağrıyır: “Araşdırmalar nəticəsində məlum oldu ki, Ramin bəyin ürəyi yox, mədəsi ağrıyır. Hazırda vəziyyəti normaldır, ciddi bir problem yoxdur. Sabah evə buraxılacaq”.