Böyükağa Hacıyev: Əvəzolunmaz olsa belə, oynatmaram
21.11.2012 - 18:37
Böyükağa Hacıyev: Əvəzolunmaz olsa belə, oynatmaram
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Avroliqanın qrup mərhələsinin V turunun “Partizan”la ev oyunu öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı öncə sabahkı matça hazırlıq haqda danışıb.

- “Partizan”a “Sumqayıt”ın aqibətini yaşatmayacaqsınız ki?
- Biz az ağır sualdır. Necə deyərlər, iştaha diş altındadı. Oyunun gedişində bütün məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

- Belqradda qələbə qazanmağa söz vermişdiniz. Yenə iddialı danışacaqsınız?
- Mən həmişə iddialı danışmışam. Meydana yenə qələbə üçün çıxacağıq. Futbolçuları 5 gündür qələbə yönündə motivasiya edirəm.

- Mahir Şükürovun vəziyyəti necədir?
- O, zədə üzündən məşq etmirsə, əvəzolunmaz olsa belə, oynatmaram. Barmağındakı zədənin müalicəsindən sonra Mahir mənə oynamaq istədiyini dedi. Ancaq mənə həkimlərin raportu lazımdır. Onlar dedi ki, futbolçunu meydana buraxa bilmərik. Buna görə “18-lik”də olmayacaq.

- Şükürovun yerinə kimi oynadacaqsınız?
- Bunu deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bu dəfə fərqli taktika ilə oynayacağıq. Yəni 4-5-1 yox, başqa düzülüşə üstünlük vermək istəyirik.

- Cəzalı Erik Ramosu necə əvəzləyəcəksiniz?
- O, mənim ən sevdiyim futbolçulardandır. Ramos sırf dayaq yarımmüdafiəçisidir, meydanda “qara iş” görür. Ağıllı futbolçudur, meydanı çox yaxşı görür. Ola bilər ki, son vaxtlar bir qədər zəif çıxış edir. Bunu yorğunluqla əlaqələndirərdim. Ancaq Erik nə qədər yaxşı futbolçu olsa da, onun yoxluğuna görə əlimizə dəsmal götürüb, ağlayası deyilik.

Mehman SÜLEYMANOV