Vladimir Vermezoviç: Mediadan üzr istəmək fikrim yoxdur
21.11.2012 - 20:20
Vladimir Vermezoviç: Mediadan üzr istəmək fikrim yoxdur
Avroliqanın qrup mərhələsində “Neftçi” ilə səfər oyununa gələn “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçin bu gün mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, serbiyalı çalışdırıcı Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında həm azərbaycanlı, həm ölkəsindən gələn çoxsaylı jurnalistlərin suallarını cavablandırıb.

Onu deyək ki, Vermezoviç mətbuat konfransına gecikdi. Həm bizlər, həm də serbiyalı həmkarlarımız baş məşqçini 15 dəqiqə gözləməli olduq. Vermezoviç ilk olaraq matç haqda fikirlərini bildirdi.

- Biz növbəti mərhələyə çıxa bilməsək də, “Neftçi” ilə oyun bizim üçün çox vacibdir. Yarışın sonunda mübarizəni turnir cədvəlində yaxşı yerdə bitirmək istəyirik. Biz bu oyuna çox yaxşı hazırlaşmışıq və “Neftçi”nin 8:1 hesablı qazanmağından xəbərimiz var. Bizim bir məqsədimiz var ki, bu da qələbə qazanmaqdır. Zədəli futbolçumuz yoxdur. Bakı ilə 3 saat fərqimiz var. Ümid edirəm ki, futbolçumuz buna öyrəşəcəklər.

- Adətən baş məşqçilər mətbuat konfransına gələndə, üzr istəyirlər. Ancaq sizdən bunu görmədik...
- Mənim üzr istəmək fikrim yoxdur. Çünki mətbuat konfransı keçiriləcək yeri tapa bilmirdim. Bayaqdan onu axtarmaq üçün stadionda hərlənirdim.

- Sizi qarşılamaqla “Neftçi”dən kiməsə müraciət etmişdiniz?
- Xahiş edirəm ki, oyunla bağlı sual verin.

- “Neftçi”nin son turda 8:1 hesabı ilə qalib gəlməyi sizə psixoloji təsir göstərə bilərmi?
- Düşünmürəm. Biz oyuna yaxşı hazırlaşmışıq. Bu, fərqli matç olacaq və komandamdan yaxşı nəticə gözləyirəm.

- Siz 2 futbolçunuzu nizam-intizam məsələlərinə görə Bakıya gətirməmisiniz. Onların olmamağını nə ilə izah edərdiniz?
- Onların yoxluğu nizam-intizamla bağlı deyil. Sadəcə, indi komandada deyillər.

- “Neftçi” zəngin klub olsa da, hazırda çempionatda 5-ci yerdə gedir. Bununla bağlı nə deyə bilərsiniz?
- 5-ci yerdə heç nə demək deyil. Bu, pulla əlaqəli deyil. Sadəcə, “Neftçi” Avroliqada növbəti mərhələyə çıxa bilməyəndən sonra bütün diqqətini çempionata yönəldəcək. Onun ehtiyatda 3 oyunu var.

- Sizi Bakıda hansı nəticə qane edəcək?
- Əlbəttə, qələbə ilə qayıtmaq. Ancaq “Neftçi” yaxşı komandadır və yaxşı oyun gözləyirəm. Burdan yaxşı təəssüratla qayıtmaq istəyirəm.

- “Neftçi” Belqraddan xalla qayıdıb. Komandanız da son turda “Srvena Zvezda”ya uduzub. Bu, özündən razılıq nədən irəli gəlir?
- Mən ona görə özümə əminəm ki, futbolçularıma inanıram. Baxmayaraq ki, son turda uduzmuşuq. Buna qədər ardıcıl qələbələrimiz olub. Avroliqada “İnter”ə qarşı çox yaxşı oynamışıq. Futbolçularla həmişə bir yerdəyəm. Mən onların oyuna necə hazırlaşdığını bilirəm.

- “Srvena Zvezda”ya məğlubiyyətdən sonra heyətdə dəyişiklər olacaq? “Neftçi”də Mahir Şükürovla Erik Ramosun oynamamağı ilə bağlı nə deyə bilərsiniz?
- Heyətdəki dəyişiklərlə bağlı axşam fikirləşəcəyik. “Neftçi” yaxşı komandadır. Mən daha çox öz komandam haqda fikirləşirəm.

Mehman SÜLEYMANOV