Persik niyə miyoldadı?
23.11.2012 - 13:24
Persik niyə miyoldadı?
Tanıyanlar, dost tanışlar bilir; bir dəfə sevimli pişiyimin, Persikin rəhmətlik osminoq Paul kimi futbol oyunlarına proqnoz verdiyindən yazmışdım. Kulis.az-da yayımlanan bu yarızarafat yazıdan sonra dostlar hansısa önəmli qarşılaşma ərəfəsi Persikin nə “fikirləşdiyini” soruşurlar.

Dünən də kimsə, “Persik nə deyir, “Neftçi”-Partizan” oyununa?” soruşanda mən də elə zarafatla qayıtdım ki, “baxır Persikin miyoldamasına. Əsnəyib miylodasa rəqib vuracaq. Televizora baxıb miyoldasa, Neftçi”.

***

Mən oyunun birinci hissəsinin ortalarına yetişdim. Televizoru açanda ekranda hesab “Neftçi”nin xeyrinə idi. Bilmirəm, bu vaxtacan Persik miyoldamışdı, ya yox, amma fakt bu idi ki, Persik…üzr istəyirəm Flavinyo hesabı açmışdı. Və “Neftçi” də “Partizan”ı yuvasına doğru sıxışdırmaqdaydı.

İkinci hissə başlayan kimi Perski otaqda vurnuxmağa başladı. İnsafən yeməyini də yemişdi, yəni ac-filan da deyildi ki, əsnəsin. Amma əvvəl Petroviç, sonra isə Şepoviçin qapımıza doğru yaratdığı təhlükədən sonra ağzını açmağa cəhd etdi. Tez otaqdan qovdum; əsnəmək istəyirdi. Elə həmin anda da Feysbuk-da-izləyənlər bilir-status yazdım ki, “Persikdən nəsə gözüm su içmir”. Amma bir də gördüm ki, bu zalım balası yenidən otağa qayıdıb stulun üstünə çıxdı. Ağzını ekrana uzadıb bir reys əsnədi. Heç iki dəqiqə keçməmiş “partizanlar” sanki məşqdəki kimi kvadrat oynaya-oynaya qapımızı möhürlədilər.

Hesab bərabərləşdi. Və…
Və Persik otağı tərk etdi.

“Neftçi” də Avropa Liqasını. Əslində “Rubin”lə birinci oyundan sonra, Kazandan əliboş qayıdanda artıq flaqmanın barıtının tükəndiyi bəlli idi.

Hə, hazır deyilik. Nəinki Çempionlar Liqası, Avroliqa kimi turnirin qrup mərhələsində belə çıxış etmək bizlik deyil.
Sadıq Sadıqovun komandası bəlkə də boyundan böyük tullana bilərdi, amma buna cəhd də etmədi. Elə qrup mərhələsinə düşməyi böyük uğur adlandıra-adlandıra özlərinə təsəlli verdilər.

“Neftçi” nə psixoloji, nə taktiki, nə də fiziki cəhətdən bu turnirə hazır deyildi. Özlərini də dediyi kimi Azərbaycan futbolunda böyük uğura, ilkə imza atıb Avroliqanın qrup mərhələsinə düşən “Neftçi” yığma kimi qorxaq futbol oynamasa da, çaşqın, xaotik futbol sərgilədi.

İlk dəfə belə nüfuzlu turnirdə iştirak etməyimiz sanki oyunçularda bir təlaş yaratmışdı. Onların təcrübəsizliyi, hətta heç olmaması uğurlu çıxışa əngəl oldu. Bir sözlə, Avropa qapılarına dirənsələr də, amma onu azca da olsa aralamaq bizimkilərlik deyilmiş.

“Neftçi”nin uğursuzluğunda komandanın hələ yayda, qrup mərhələsinə vəsiqə təmin etdiyi məlum olandan sonra buraxdığı kobud səhv payız boyu özünü hiss etdirdi; “Neftçi” heyətə yeni oyunçular cəlb etmədi. Heç buna təşəbbüs də göstərmədi. Azarkeşləri məyus oldu. Bu səbəbdən olduqca məhdud heyətlə çıxış edən neftçilərin yorğunluğu adi çempionat oyunlarında belə özünü göstərdi.

Hesabda geriyə düşən “Neftçi”ni ardınca aparacaq futbolçu yox idi. Böyükağa müəllimin yerli-yersiz nikbin bəyanatları isə ancaq publikaya hesablanmışdı. Oyunçulara sirayət etmədi.

Əslində başqa səbəblər də göstərmək olardı. Amma indi bunun heç bir mənası yoxdur. Çünki qatar getdi. Gələn il həmin qatarın bizim vağzala bir də qayıdacağı - adı ÇL, ya AL olsun fərq etməz - o qatara minib-minməyəcəyimiz isə bəlli deyil.

Persik isə qatar-filana tərəfə miyoldamır…

Səbuhi Məmmədli