Avropa Liqasının 11 uğursuzu
23.11.2012 - 14:07
Avropa Liqasının 11 uğursuzu
Avropa Liqasının qrup mərhələsinin V turundan sonra qələbə qazana bilməyən komandaların sayı 11-ə düşüb. Apasport.az saytının məlumatına görə, son tur ərəfəsində 48 iştirakçıdan 37-si ən azı 1 dəfə qalib gələ bilib.

H qrupunda çıxış edən Azərbaycan çempionu “Neftçi” son ev oyununda Serbiya “Partizan”ı ilə 1:1 hesablı heç-heçə edərək bu dəfə də qələbə qazanmaq arzusunu gerçəkləşdirə bilməyib. Bu komandalardan hər ikisi hələ də qələbəyə həsrətdir.

Daha 2 qrupda qələbəsizlərin sayı 1-dən çoxdur. Belə ki, İ qrupunda 1 oyun az keçirən “Hapoel” (Kiryat-Şmona, İsrail) və “Atletik” (İspaniya), L qrupunda “Tvente” (Hollandiya) və “Helsinqborq” (İsveç) hələ də qələbə nə olduğunu bilmir.

Bu 6 komandadan başqa daha 5 klub ilk qələbəsini qazanmaq üçün son tura ümidlidir. B qrupunda “Hapoel” (Təl-Əviv, İsrail), C qrupunda AEL (Kipr), D qrupunda “Maritimo” (Portuqaliya), G qrupunda “Sportinq” (Portuqaliya), K qrupunda “Rapid” (Avstriya) üçün son tur son şans olacaq.