Flavinyonun 2-ci qolu
23.11.2012 - 14:20
Flavinyonun 2-ci qolu
“Neftçi”nin braziliyalı futbolçusu Flavinyo avrokuboklarda 2-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi hər 2 qolunu Avroliqada vurub.

O, siftəni turnirin son təsnifat mərhələsində APOEL-ə Kiprdə 3:1 hesabı ilə qalib gəldikləri oyunda son nöqtəni qoymaqla etmişdi. Flavinyo 2-ci dəfə qrup mərhələsinin V turunda “Partizan”la Bakıda 1:1 hesabı ilə nəticələnən oyunda fərqlənib. O, vurduğu gözəl qolla hesabı açsa da, bu dəfə komandası qələbəni əldən verib.

Braziliyalı 3-cü mövsümdür “Neftçi”nin futbolçusu kimi ölkəmizdə çıxış etsə də, ötən yay Çempionlar Liqasında fərqlənə bilmədi. Əslində, çempionumuz Zaqreb “Dinamo”su ilə oyunda qol vura bilməmişdi – səfərdə 0:3, evdə 0:0. Yarımmüdafiəçi bu il ÇL-də 4 oyunda meydana çıxsa da, həmin turnirdə qol hesabını aça bilməyib.

Ümumiyyətlə, “Neftçi” qitə miqyasında cari mövsümdə 11-ci oyunu keçirib. Komandamız bu matçlarda 12 qol vurub. Bunlardan ən çox Syerra-Leonedən olan yarımmüdafiəçi Julius Vobayın payına düşür – 3. Flavinyo ilə yanaşı, Cavid İmamverdiyev, Rəşad Sadiqov, Nikolas Kanales hərəyə 2 qol vurub. Mahir Şükürovun hesabında isə 1 qol var.