Siğənin yeri var...
24.11.2012 - 00:02
Siğənin yeri var...
Paxılların paxılıyıq. Özümüz bir iş bacarmırıq, iş görənlərin də ayağından tutub çəkirik.
Son günlər mətbuatda "Turan"ın özünə yeni sponsor tapması ilə bağlı xəbər ortaya çıxıb. Deyilənlərə inansaq, "Bank of Azerbaijan" Qərb komandasının sponsorlarından biri olacaq. Bankın adı əyalət təmsilçisinin geyindiyi formalara həkk edilib. Artıq "Qarabağ"la bu gün qarşılaşacaq komanda meydana yeni sponsorun adı yazılmış formalarda çıxacaq.

Gəl ki, bu anlaşmada maraqlı məqam odu ki, sözügedən bankın klubun əsas sponsoru olacağı, yoxsa sadəcə, formada brend reklamına görə kluba əl tutacağı dəqiqləşdirilməyib. Klub prezidenti Yaşar İbrahimov kələfi göstərib ucunu gizlədirsə, tovuzluların digər məsul işçiləri nala-mıxa vurur. Təbii ki, bu da səbəbsiz deyil. Çünki deyilənlər həqiqət olsa, məsələnin bir ucu da gedib "Bakı"ya bağlanacaq, "Turan"ın "Bakı" ilə eyni mənbədən maliyyələşəcəyi və "qardaş klub" olacağı ilə bağlı iddialar baş qaldıracaq.

İşin rəsmiyyətdə necə qurulacağını bilməsək də, deyilənlərə görə Tovuz klubu neçə illərdi "zolaqlılar"ın himayəsindədi. Açıq şəkildə olmasa da, "Bakı" daim "Turan"a yardım əlini uzadır və bu üzdən digər klublardan fərqli, Tovuz səfərlərində deyə-gülə qələbə qazanır. Necə deyərlər, "Turan" onsuz da neçə illərdi paytaxt təmsilçisi üçün "kiçik qardaş"dı. İndi bir forma reklamıyla nə olasıdı ki?

Həm də "Turan"ın "Bakı"yla qardaşlaşması yenilik deyil ki... Neçə illərdi "İnter"lə "Simurq" bir yeyib, bir yatır, biri digərinə oyunçuları pulsuz icarəyə verməklə "aliment" ödəyir və hamı da buna göz yumur. Qoy, bir az da başqaları bu gözəl nemətdən dadsın da. Bu həftəsonu "qardaşlar" yenə ölkə futbolunu araya qoyacaq, biri ayaqlarını geniş açacaq, digəri oradan qapıya yol tapacaq və liderliyini qoruyacaq.

Sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də deyəcək ki, "araşdırdıq, bu oyunla bağlı hər hansı şübhəli məqam ortaya çıxmadı". Halbuki Musayev özü də bilir ki, şübhəli məqamı oyunun gedişində görmək olmaz, neçə illərdi bu məsələ kabinetlərdə həllini tapır, sadəcə, meydanda icraçılar göstərişi yerinə yetirir. Elə bu üzdən digər iddialılara qan udduran "Simurq" "İnter"lə oyun gələndə quyruğunu qaldırır. Sabah da belə olacaq (Sport Ekspress).

Elə bu səbəbdən "Turan"a paxıllıq etməyə dəyməz. Sadəcə, neçə illərdi ac-yalavac dolanan, kiminsə əlinə baxan Tovuz klubu çıxış yolunu məhz zaqatalalıların nümunəsində görür. Ac qalıb hər oyunu uduzmaqdansa, tox olub bir komandaya boyun əymək daha məsləhətlidi. 5-6-sının sevgilisi olunca birinin arvadı olmaq daha abırlıdı, söz atanların, sataşanların da ağzı yığışar. Kəbin də olmasa, siğənin yeri var...