“Qəsdən vursaydım, heç ayağa dura bilməzdi” – MÜSAHİBƏ
26.11.2012 - 12:26
“Qəsdən vursaydım, heç ayağa dura bilməzdi” – MÜSAHİBƏ
“Qəbələ” klubunun kapitanı Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının hesabat turunda səfərdə “Rəvan”a 3:1 hesabı ilə qalib gəldiniz. Bu oyunu necə dəyərləndirərdiniz?
- Bu qarşılaşmayadək keçirdiyimiz 3 oyunda qələbə qazanmışdıq. Bunun davamının “Rəvan”la oyunda da gəlməsini istəyirdik. Matça da yaxşı köklənmişdik. Allaha şükür olsun ki, bu qələbəni də qazandıq.

- Sizcə, qələbədə həlledici nə oldu?
- Oyun başlayandan rəqibə pressinq etməyə başladıq. Axı Bakıya 3 xal üçün gəlmişdik. İlk dəqiqələrdən 2-3 qol epizodumuz oldu. Artıq oyunun gedişində hiss edirdik ki, qələbə qazana bilərik. Bunu da yavaş-yavaş görürdük və axırda istədiyimiz nəticəni qazandıq.

- İlk qolunuz dərhal yox, bir neçə saniyə sonra sayıldı. Siz həmin epizoda yaxın idiniz, rəqibin çıxardığı topa təkrar zərbə vurdunuz. Həmin epizod yadınızda necə qaldı?
- Viktor Mendinin zərbəsindən sonra top qapıya gedəm zaman mən yerimdən qaçmadım. Elə bildim ki, top artıq qapıya girdi. Mənə də elə gəldi ki, top qapı xəttini keçib. Rəqib sürüşmə fəndi edəndə qaçdım və təkrar zərbə vurdum. Bu zaman gördüm ki, yan xətt hakimi mərkəzə qaçdı. Bununla, baş hakimə işarə elədi ki, qolu saysın.

- Oyunda əsas epizodlarından biri də ilk hissənin sonunda sizə birbaşa qırmızı vərəqə verilməsi idi. Baş hakimin qərarını haqlı sayırsınız?
- Səmimi adamam, orda qırmızı vərəqə olsaydı, deyərdim. Ancaq həmin epizodda uzaqbaşı “sarı” vermək olardı. Mən orda adi sürüşmə fəndi elədim. Baş hakimin də mənə qırmızı vərəqə fikri yox idi. O, yan xətt hakimi ilə məsləhətləşəndən sonra fikrini dəyişdi. Həmin epizodun təkrarına bir neçə dəfə baxdım. Ayağım konkret topa toxunsa belə, rəqib qəsdən yıxılmışdı.

- Nəzərə alaq ki, siz meydanda əsəblərinizə hakim ola bilmirsiniz...
- Məncə, əsəbilik heç bir şey yox idi, mübarizə gedirdi. Oyunçu da ayağıma dəyərək, yerə yıxıldı. Bu, ani epizod oldu. Mən “Qəbələ”yə gələndən heç sarı vərəqəm də yoxdur. Orda hakim elə başa düşdü ki, oyunçuya zədə yetirmək fikrim olub. Ona qəsdən sərt toxunsaydım, o, heç ayağa oynaya bilməzdi. Fikrimcə, sarı vərəqə ilə keçmək olardı.

- Kapitan olduğunuzdan, hərəkətiniz daha çox müzakirə olunur. Həmin vaxt hesabda 2:1 irəlidə olsanız da, komandanız 2-ci hissəni azlıqda oynamalı oldu. Sonda daha 1 top vurub, qalib gəlsəniz də, bunun əksi də ola bilərdi. Komandanı çətin vəziyyətdə qoyduğunuza görə peşmansınız?
- Mən komandanı kapitan kimi meydana çıxarıramsa, komanda üçün də oynamalıyam. Biri var oyunçuya yaraşmayan hərəkət edib, qırmızı vərəqə alasan. Özüm də soyunub-geyinmə otağında futbolçularımızla söhbət elədim. Sağ olsunlar, məni başa düşdülər. Oyundan sonra çoxu yaxınlaşıb dedi ki, qələbəni sənə həsr elədik. Mən onlara saytınız vasitəsilə təşəkkür edirəm. Futbolçularımız ikinci hissədə daha yaxşı oynadılar, qol da vurdular. Belə epizod hər futbolçunun başına gələ bilər. Üstəlik, kapitan olduğumdan, belə şeylərin olmamağına çalışırdım.

- Hər halda, klubdaxili toplantıda sizinlə bağlı tədbir görüləcəyi gözlənilir...
- Hələ bu haqda söhbət eləməmişik. Hazırda istirahətdəyik. Mənim xasiyyətimi hamı bilir və orda bilərəkdən nəsə yox idi. Üstəlik, təcrübəm var. Elə bir şey yox idi ki, oyunçuya yaraşmayan hərəkət elədiyini deyəsən. Mən bu epizodda özümü qırmızı vərəqəyə layiq görmürəm.

- “Qəbələ” bir müddət öncə turnir cədvəlinin ortalarında idisə, ardıcıl 4 qələbədən sonra turnir cədvəlində 3-cü pilləyə çıxıb. Bu yüksəlişi nə ilə izah edirsiniz?
- Hazırkı baş məşqçimiz Ramiz Məmmədov futbolçularla dil tapa bilir. Onun məşqləri artıq öz bəhrəsini görür, komandada özünəinam gəlib. Hərtərəfli görürsən ki, yüksəliş var. Həmin futbolçulardır, ancaq tamam başqa oyun, psixologiyadır. Bizdə çoxlu səviyyəli futbolçular olsa da, mövsümə pis başladıq. Artıq yavaş-yavaş oyunlarımız nəticəsini verir. Bizim qabaqda o qədər görəcək işlərimiz var ki...İlk vəzifə “altılığ”a düşməkdir. Ramiz müəllim hər dəfə komanda ilə söhbət edir ki, özünəinam yaransın. Ardıcıl 4-cü qələbəni qazandıq və komandada qol duyumu, qələbə hissiyyatının olduğu görünür. İnşallah, yavaş-yavaş hamısı qaydasına düşər.

- Komandada baş məşqçi dəyişikliyinin vaxtında olmağının bəhrəsini görürsünüz...
- Bəli, bu, artıq öz müsbət nəticəsini verib. Hər bir futbolçuda irəliləyiş görünür. Ayrı-ayrı oyunçuları götürsək, heç qol da vura, fərqlənə bilmirdilər. Meydanda sanki yad adam idilər, nə elədiklərini bilmirdilər. İndi meydanda konkret hər adam öz işini bilir. Mübarizə, komanda ruhu var. Məmmədovun gəlişindən sonra hərtərəfli çox dəyişiklik var və bu da göz qabağındadır. Komanda artıq 3-cü yerə gəlib çıxıb. Qabaqda hələ 3-4 oyunumuz var. Bu matçlarda da yaxşı nəticə qazansaq, ilk pillələrdə rahat yer ala biləcəyik.