Qurban Qurbanov: Hələ istədiyim nəticəni ala bilmirəm - MÜSAHİBƏ
27.11.2012 - 11:08
Qurban Qurbanov: Hələ istədiyim nəticəni ala bilmirəm - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

- Cari mövsüm komandanız qeyri-sabit çıxışı ilə seçilir. Sizcə, bunun səbəbi nədir?
- Mövsümün əvvəlində yaxşı hazırlıq keçdik, çempionata da pis başlamadıq. Sonradan heyətdə müəyyən problemlər oldu. Bu da əldə etdiyimiz nəticələrə öz təsirini göstərdi. Buna baxmayaraq, liderlər qrupunda qərarlaşmışıq, iddiamız davam edir. Əsas oyunlar qabaqdadır.

- Mövsümün əvvəlində bu turadək neçə xal toplamağı planlaşdırmışdınız?
- Bizim belə bir planımız olmayıb, biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq.

- Belə deyək, indiyədək nəzərdə tutduğunuz xallardan neçəsini itirmisiniz?
- Etiraf edim ki, çox gərəksiz xallar itirmişik. Hansı ki, həmin oyunlarda mütləq qələbə qazanmalı idik. Artıq irəli baxmalıyıq. Çalışmalıyıq ki, bir də elə səhvlər edib xal itirməyək.

- Gərəksiz xallar itirdiyinizi dediniz. Bu da heyətdə müəyyən problemlərin olduğuna işarədir. Konkret hansı xətt sizi narahat edir?
- Heyətlə bağlı müəyyən çatışmazlıqların olduğunu dedim. Bu bizi narahat edir. Müdafiə, yarımmüdafiə və hücum xəttində hələki istədiyim nəticəni ala bilmirəm.

- Yəqin ki, qış transfer pəncərəsində dediyiniz mövqelərə transferlər olacaq...
- Bu istiqamətdə çalışmalara start vermişik. Ancaq özünüzdə yaxşı bilirsiniz ki, qışda hazır futbolçu tapmaq çətindir.

- Əfran İsmayılovun komandadan ayrılmaq istəməsinə münasibətiniz necədir? Nə oldu ki, əvvəlcə ayrılmaq istədiyini bildirdi, daha sonra fikrindən daşındı.
- Bu barədə mövqeyimi bildirmişəm. Yenidən bu mövzuya qayıtmaq istəmirəm.

- Yəqin ki, sizinlə söhbətdən sonra fikirindən daşındı.
- Mər hər futbolçu ilə fərdi söhbət edirəm. Baş məşqçi kimi onların qayğıları, problemləri ilə maraqlanıram. Əfranla söhbətimizdən sonra qalmağa qərar verdi.