Bakıda oynamış futbolçudan məşqçisinə pul iddiası
28.11.2012 - 11:46
Bakıda oynamış futbolçudan məşqçisinə pul iddiası
“Neftçi”nin Avroliqanın qrup mərhələsindəki rəqibi olan “Rubin”in düşərgəsində qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, türkiyəli legioner Gökhan Töre klubu özbaşına tərk etdiyini deyib. Lakin o, bu addımı hansı səbəbdən atdığını açıqlamayıb: “Ciddi səbəblər var, amma indi bu barədə danışmağa hazır deyiləm”.

Töre “Rubin”lə iyulun sonlarında müqavilə imzalasa da, indiyədək Rusiya çempionatında 4 oyuna çıxıb. Klubun mətbuat xidmətindən bildiriblər ki, türkiyəli yarımmüdafiəçi hazırda xəstədir. Lakin onun harda müalicə olunduğu açıqlanmayıb.

Mətbuat 20 yaşlı oyunçunun qaçmasını onun agenti Georq Yablukovun bəyanatı ilə əlaqələndirir. Yablukov hətta Tatarıstan prezidenti Rüstəm Minnixanova açıq məktubla müraciət edib. O, Törenin transferi zamanı 500 min avroyadək pulunun zorla əlindən alındığını yazıb. Mənimsəmə faktında “Rubin”in baş məşqçisi Kurban Berdıyevin əlinin olduğu qeyd olunub.

“Rubin”in saytında isə Berdıyevin müraciəti dərc olunub. Məktubda Yablukovun məktubu Kazan klubunu nüfuzdan salma cəhdi kimi dəyərləndirilib. Türkmənistanlı mütəxəssis öz ünvanına yönələn bütün ittihamları rədd edərək, deyilənlərdən təəccübləndiyini bildirib.

Mətbuatda Gökhanın Türkiyəyə gəldiyi, “Fənərbaxça” ilə danışıqlar apardığı və “Rubin”lə müqaviləni pozmaq istədiyi yazılıb. Lakin oyunçunun özü bu xəbərləri təkzib edərək, vətəninə agentinin işləri ilə bağlı gəldiyini bildirib.

Qeyd edək ki, yarımmüdafiəçi “Neftçi”yə Bakıda 1:0 hesabı ilə qalib gəldikləri oyunun 2-ci hissəsində meydana çıxıb.