Karles Bakes: Belə azarkeşi olan komanda qələbəyə layiqdir
28.11.2012 - 16:42
Karles Bakes: Belə azarkeşi olan komanda qələbəyə layiqdir
“Azarkeşlərimiz Tovuza gəlmək üçün gecə uzun yol qət etmişdilər. Belə sadiq fanatları olan komanda yalnız qələbəyə layiqdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Martorell Bakes deyib.

İspaniyalı mütəxəssisin Azərbaycan kubokunda debütü bu gün “Turan”la 1/8 final mərhələsində oldu. Lənkəranlılar 1:1 hesabı ilə nəticələnən səfər matçında qələbəni oyun sonrası penaltilərlə qazandılar.

Bakesin sözlərinə görə, erkən qol buraxmaları oyunlarına mənfi təsir göstərib: “Rəqib ilk hücumdaca qol vurdu. Bundan sonra hamılıqla müdafiə olundular, arxa xətdə boşluqlar buraxmadı. Ancaq biz həvəsdən düşmədik və ardıcıl hücumlarımızı davam etdirdik. Sonda, oyunun bitməyinə saniyələr qalarkən istəyimizə çatdıq”.

O bildirib ki, oyunun ədalətli nəticəsi komandasının qalib gəlməyi imiş: “Düşünürəm ki, bu gün göstərdiyimiz oyuna, yaratdığımız qol vəziyyətlərinə görə qələbəyə layiq idik. Düzdür, bəzən rəqib səni qol imkanlarından istifadə etmədiyinə görə cəzalandırır. Çox sevinirəm ki, yaxşı oyunla istəyimizə çatdıq. Qələbə münasibətilə futbolçularımızı, azarkeşlərimizi təbrik edərdim”.