“Əsəblərimi cilovlaya bilmədim...”
29.11.2012 - 00:01
“Əsəblərimi cilovlaya bilmədim...”
“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Abdullayevin apasport.az saytına müsahibəsi

- “Turan”la kubok matçının 116-cı dəqiqəsində komanda yoldaşınızı təhqir etdiyiniz üçün birbaşa qırmızı vərəqə aldınız. Həmin epizodda nə baş vermişdi?
- Qalib gələ bilmədiyimizdən, əsəblər üst-üstə gəldi. Komanda yoldaşıma dediyim sözə görə meydandan çıxarılmağıma gəlincə, karyeramda belə şey olmamışdı.

- Ehtiyat qapıçı Kamal Bayramova hirslənmişdiniz?
- Həmin an hirsli idim. Əsəblərimi cilovlaya bilmədim, ağzımdan söyüş çıxdı. Hakimi günahlandırmıram. Günah özümdə idi.

- Bayramovu niyə təhqir etdiniz?
- Onunla heç bir problemim yoxdur. O, mənə oyunla bağlı nəsə deyibmiş. Sadəcə, Kamalın sözünü səhv başa düşmüşəm.

- “Turan”a yalnız oyun sonrası penaltilərdə qalib gəldiniz. Matçı necə dəyərləndirərdiniz?
- Həqiqətən də çətin oyun oldu. Artıq oyunun ilk dəqiqələrində qol buraxdıq. Bundan sonra hesabı bərabərləşdirmək üçün çoxlu hücumlar etdik və yalnız son saniyələrdə penaltidən istəyimizə nail olduq.

- Həmin vaxt qapıçı qırmızı vərəqə aldığı üçün “çərçivə”yə sahə oyunçusu qoyuldu. Bu, nəticəyə təsir etdi?
- Ola bilər. Hər halda, qapıçı ilə sahə oyunçusu arasında fərq var. Ancaq biz yaxşı oynadıq. Sadəcə, Tovuzda həmişə çətin olur.

- “Xəzər Lənkəran” kubokda mübarizəni dayandırsaydı, özünüzü günahkar sayardınız?
- Məncə, qovulmağım oyuna təsir etmədi. Çünki son dəqiqələr idi. Buna görə də mənlik bir şey yox idi.

- Növbəti mərhələdə çox güman “Rəvan”la üzləşəcəksiniz. Onun baş məşqçisini və futbolçuların əksərini “Muğan”da bir yerdə oynadığınızdan, yaxşı tanıyırsınız...
- “Rəvan”ın bosniyalı baş məşqçisi Kemal Alispahiçi çox bəyəndiyim mütəxəssislərdir. Onun komandası arxada oturmur, hücum edir, açıq futbol oynayır. Bizi asan sınaq gözləmir.

- Ancaq sizə kubokda ən azı 2 oyunluq cəza verildiyindən, “Rəvan”la matçlardan kənarda qalacaqsınız...
- Qismət belə imiş. Deməli, səbirli olmaq lazımdır. İnşallah, 1/4 finalda da uğurla çıxış edərik.

Mehman SÜLEYMANOV