Ender Günlü: Hakim oyunu çox uzatdı - MÜSAHİBƏ
29.11.2012 - 13:48
Ender Günlü: Hakim oyunu çox uzatdı - MÜSAHİBƏ
“Turan” klubunun türkiyəli legioneri Ender Günlünün apasport.az saytına müsahibəsi

- Azərbaycan kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”la qarşılaşdınız. Komandanız erkən qol vursa da, sonda mübarizəni dayandırmalı oldu. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Yaxşı oynadıq. Düzdür, çətin oldu, amma istədiyimiz oyunu nümayiş etdirə bildik. Sadəcə, hakim oyunu çox uzatdı. Nəticədə qapıçımıza qırmızı vərəqə göstərdi, penalti təyin etdi. Rəqib hesabı bərabərləşdirdi və əlavə 30 dəqiqəni azlıqda keçirdik.

- Bəlkə oyun ərzində vaxtı çox uzatdığınızdan referi 4 dəqiqə artırıb?
- Baş hakim ikinci hissəyə 3 dəqiqə artırmışdı. Ancaq qapımıza penaltini 4-cü dəqiqədə təyin etdi. Yəni, fitini vaxtında səsləndirsəydi, biz qələbə qazanıb, mərhələ adlayacaqdıq. Penalti təyin edilən vaxt baş məşqçimiz 3 əvəzetmə hüququndan istifadə etmişdi.

- Həmin epizodda penalti var idi?
- Bəli, həmin epizodda müdafiəçilər səhvə yol vermişdi. Top havadan gəldi. Popoviç də Subaşiçi yıxdı.

- Sahə oyunçusu olan Ruslan Zubkov qapıda inamlı dayana bildimi?
- Ruslan bir neçə təhlükəli epizodda komandaya kömək etdi. Müdafiəçilər də yaxşı oynadılar. İrəlidə ancaq Salif Ballo dayanmışdı. Görünür, qismət deyilmiş.

- Penalti vuranlar arasında adınız yox idi. Buna hazır deyildiniz?
- Vurmaq istəyirdim. Oyunun əvvəlində butslarımı dəyişdim. İkinci hissədə isə onları soyunub, başqasını geyindim. Özümü penalti vurmağa hazırlayırdım. Lakin sonradan siyahıya baxdım və 5 nəfərin içərisində adımın olmadığını gördüm.

- İlk penalti dəqiq yerinə yetirilməyən zaman oyunun əldən getdiyini düşündünüzmü?
- Əlbəttə. Çünki ilk vuruşdan çox şey asılıdır. Çünki sən fərqlənsən, qapıçıda daha yaxşı motivasiya olur. Həm də rəqibi gərginlikdə saxlayırsan.

- Qarşıda “Kəpəz”lə oyun var. Sonuncu pillədə qərarlaşan Gəncə təmsilçisi ilə dueldən nə gözləyirsiniz?
- “Xəzər Lənkəran”la oyunu unutmağa çalışırıq. Artıq “Kəpəz”lə qarşılaşma barədə düşünürük. Udsaq, ilk “altılığ”da düşmək şansımız davam edəcək. Təbii ki, onlar da qələbə qazanmağa çalışacaqlar. Çünki sonuncu pillədən qurtulmaq istəyirlər.

- Hər iki komandanın kubok oyununda 120 dəqiqə mübarizə aparması özünü göstərə bilərmi?
- Düzdü, hər 2 komanda yorğun olacaq. Çalışacağıq ki, yaxşı dincələk. Çünki “Xəzər Lənkəran” kimi güclü komanda ilə qarşılaşmışıq. “Kəpəz”in də 120 dəqiqə mübarizə apardığını nəzərə alsaq, hazırda şanslar bərabərdir.