Sadıq Sadıqov: Hamısı qeyri-rəsmidir
29.11.2012 - 15:01
Sadıq Sadıqov: Hamısı qeyri-rəsmidir
“Dənizlispor” rəsmilərinin hansısa futbolçumuzu istəməyindən xəbərim yoxdur”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib.

Rəşad Sadiqovun Dənizli təmsilçisinin maraq dairəsinə düşməsinə aydınlıq gətirən Sadıqov bildirib ki, hazırda ölkəmizdə olan türkiyəli qonaqların səfərindən də xəbərsizdir: “Hələ rəsmi müraciət almamışıq. Bəlkə də klubdan kiminləsə qeyri-rəsmi söhbət olub. Lakin mən xəbərsizəm”.

Klub prezidenti Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyevin Bakıya gəldiyi, “Neftçi”nin braziliyalı legioneri Flavinyonu komandasına transfer etmək istədiyi haqda da xəbərlərə münasibət bildirib: “Eşitdiyimə görə, Berdıyev bizimlə oyundan sonra baş məşqçimiz Böyükağa Hacıyevdən Flavinyo haqda soruşub, yaşı, müqaviləsinin müddəti ilə maraqlanıb. Həm o, həm də digər oyunçularımızla maraqlanan klubların olduğunu bilirik. Lakin hamısı qeyri-rəsmidir. Avropa Liqasındakı çıxışımıza görə oyunçularımız daha çox menecerin diqqətində olur.

Araz Abdullayev, Elvin Yunuszadə kimi futbolçularımızla maraqlanan klubların olduğunu eşitmişik. Ümumiyyətlə, az qala bütün oyunçularımızla maraqlanan var. Lakin konkret, rəsmi təklif yoxdur”.