Portuqaliyalılar “Bakı”nı bəyəndi
29.11.2012 - 17:00
Portuqaliyalılar “Bakı”nı bəyəndi
Bu gün Portuqaliya Futbol Federasiyası (PFF) futbol departamentinin rəhbəri Karluş Qodinyunun başçılıq etdiyi nümayəndə heyəti “Bakı”nın təlim-məşq bazasını ziyarət edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səfərin əsas məqsədi klubun təlim-məşq bazası, burda yaradılan şərait və infrastrukturla tanışlıq olub.

Qonaq nümayəndə heyətini paytaxt təmsilçisinin icraçı-direktoru Yaşar Seyidov qarşılayıb. İcraçı direktor baza barədə ətraflı məlumat verib və qonaqları burdakı şəraitlə yaxından tanış edib.

Portuqaliyalı rəsmilər gördüklərindən məmnun olduqlarını gizlətməyib və Portuqaliya millisinin çox böyük ehtimalla “Bakı”nın bazasında məşq edəcəklərinə əmin olduqlarını bildirib. Qodinyu baza haqda bunları deyib: “Biz Bakıya 1999 və 2007-ci illərdə gələndə burda belə şərait yox idi. Mənim üçün bu, böyük sürpriz oldu. Mən milli komanda ilə birgə bir çox ölkələrdə olmuşam. Deyə bilərəm ki, baza gördüklərim arasında ən yaxşılardan biridir”.

Qeyd edək ki, Portuqaliya milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində yığmamızla birgə “F” qrupunda yer alır. 2013-cü ilin martın 26-da milli komandamız Bakıda Portuqaliya yığma komandasını qəbul edəcək. Portuqaliyalılar martın 23-ü və 24-də “Bakı”nın bazasında məşq etməyi planlaşdırıb.