Sadıq Sadıqov: Ən azından “qapazaltı” olmadıq
29.11.2012 - 18:02
Sadıq Sadıqov: Ən azından “qapazaltı” olmadıq
“Neftçi”nin prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi

- Komandanızı Avroliqanın qrup mərhələsinin son turunda İtaliyada çətin sınaq gözləyir. “İnter”lə oyundan nə gözləyirsiniz?
- Bizim itiriləsi nəyimiz var ki? İtaliyaya Azərbaycanın nüfuzu üçün gedirik. Futbolçularımız bunu yaxşı dərk edir və bilirlər ki, sona kimi mübarizə aparmaq lazımdır. Biz səmimi insanlarıq və səmimi danışmağı sevirik. İtaliyada ən çoxu heç-heçəyə ümid edə bilərik. Biz ora xal qazanmaq üçün yollanacağıq.

- Rəqib artıq 1/16 finala vəsiqə qazanıb...
- Fikrimcə, elə də gərgin oyun olmayacaq. “İnter” artıq qrupdan çıxıb və son matç onlar üçün çox önəmli olmaya bilər. Bu üzdən bir sıra aparıcı futbolçularına istirahət verə bilərlər. İstənilən halda, komandanız ölkənin nüfuzu üçün oynayaraq, nəticə qazanmağa çalışacaq.

- Artıq qrup mərhələsində çıxışa yekun vurmaq olar. “Neftçi” sona 1 oyun qalmış 2 xal qazanıb. Bu nəticə sizi nə dərəcədə qane etdi?
- Mən bir klub prezidenti kimi demirəm ki, komandamın göstərdiyi oyundan tam razı qaldım. Ancaq “Neftçi” ən azı “qapazaltı” olmadı. Komandamız debüt mövsümündə bacarığını göstərdi, öz oyununu göstərdi. “Rubin”in futbolçusu müsahibəsində “Neftçi” ilə ağır oyundan sonra meydana çıxmalarını deməyi bizimlə matçın onlar üçün asan sınaq olmadığını göstəricisidir. Artıq biz bu mərhələni keçmişik, qrupa düşmüşük. Bundan sonra yenidən qrupa düşüb, daha yaxşı çıxış edib, qələbə qazanıb, növbəti mərhələyə düşməyə çalışmaq lazımdır.

- Bu mənada vacib olan heyətin gücləndirilməyi ilə bağlı işlər nə yerdədir? Yeni qapıçı axtarışında bir yenilik varmı?
- Mən bununla bağlı seleksiyaçı məşqçilərə göstərişimi vermişəm. Bizə əcnəbi qapıçılar təklif olunur. Ancaq 2-ci legioner qapıçı almağımız o deməkdir ki, biri avtomatik ehtiyatda oturacaq. Bunun da yeri yoxdur. Buna görə komandaya 2-ci əcnəbi qapıçını gətirmək heç beynimə batmır. Bizə yerli qapıçı lazımdır. Vaxtilə Rauf Mehdiyevi götürdük. Həmin vaxt demək olar karyerasını bitirirdi. Ancaq “Neftçi”də oynadı, bizə kömək etdi, 2 mövsüm çempion oldu. Yəni indi də bizə potensial olaraq kömək edən qapıçı lazımdır. Düzdür, ehtiyatda Emil Balayev var. Ancaq o, gəncdir, 19 yaşı var. “Sumqayıt”la matçda Emilə şans verildi. Təcrübəsizliyə görə gərginlik vardı.

- Yeni qapıçı ilə bağlı namizədlər var?
- Var. Fikrimcə, yeni transferlərə hələ vaxtımız var. Çalışacağıq ki, təcrübəli qapıçı cəlb edək və o, bizə kömək etsin. Növbəti mövsümdə avrokuboklarda daha güclü heyətlə qatılmaq istəyirik.

- Hələ ötən qış düşərgənizdən gedərək, qayıtmayan belçikalı hücumçu Emil Mpenzanın məsələsi nə yerdədir?
- Bizim onunla heç bir problemimiz yoxdur. Emilə qarşı haqsızlıq da etməmişik. Qışda Antalyada hazırlıq keçdiyimiz zamanı özünə yeni komanda tapmaq məqsədilə sıralarımızdan getdi. Ancaq bundan sonra ondan səs-soraq çıxmadı, komandamıza qayıtmadı. Hərçənd müqavilə ilə bizim futbolçudur. Biz də buna görə FİFA-ya müraciət etdik. Ora göndərdiyimiz məktubda olanları göstərib, onların istədiyi lazımı sənədləri, qəbzləri, uçuş biletlərini yollamışıq.

- Sizcə, FİFA qərarını nə vaxt açıqlayacaq?
- Yəqin ki, 1 aya kimi baxıb, qərar çıxararlar. Hər halda, məsələni tam araşdırandan sonra bir qərar qəbul edəcəklər. İnanırıq ki, FİFA əleyhimizə olmayan qərar çıxaracaq və məsələ xeyrimizə olacaq. Buna tam haqqımız çatır. Hər halda, FİFA-ya ilk olaraq biz müraciət etmişik. Mpenza müraciətini bundan edib. Müraciəti ilk olaraq bizim etməyimiz bizim haqlı olduğumuzu göstərir. Emil düşərgəmizdə olduğumuz vaxtda ona müqavilə ilə pulunu qəpiyinə kimi vermişik. Ancaq komandamıza qayıtmaqdan sonra əmək haqqını dayandırıb, məsələ ilə bağlı FİFA-ya şikayət etmişik.

Mehman SÜLEYMANOV