“Neftçi” ilə mükafatçı oldu, Bolqarıstanda vəzifə aldı
30.11.2012 - 13:01
“Neftçi” ilə mükafatçı oldu, Bolqarıstanda vəzifə aldı
Azərbaycan milli çempionatının iştirakçısı olmuş bolqarıstanlı futbolçusu Svetoslav Stefanov vəzifə alıb. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin 34 yaşlı sabiq yarımmüdafiəçisi vətənində “Dobruca” klubunda icraçı-direktor və İdarə Heyətinin üzvü təyin olunub. Bununla Svetoslav 13 illik fasilədən sonra doğma klubuna qayıdıb.

Belə ki, o, 1999-cu ildə həmin komandada 15 oyun keçirdikdən sonra Sofiya MOİK-inə yollanıb. “Hərbçilər”lə ölkə çempionu olan Stefanov növbəti qızıl medalı Çində qazanıb. Özü də orta sahə oyunçusu həmin vaxta – 2007-ci ildə “Neftçi”nin “Çanqçun Yatay”a icarəyə gedərək, Çin çempionu olub.

Ölkəmizdə yanaşı, Rusiyada, vətənində bir sıra klublarda oynayan Stefanov karyerasını bitirdikdən sonra “Botev”də baş məşqçi Milan Radukanovun köməkçisi olub: “Mən bu illərdə komanda ilə böyük təcrübə qazandım. Daha yüksək səviyyədə olmaq istəyirəm. Dobriç futbol şəhəridir. İşimlə komandama öz mövqeyini bərpa etməyə yardımçı olmağa çalışacağam”.

Qeyd edək ki, Stefanov 2006-cı ildə “Neftçi”nin heyətində “Birlik kuboku”nu və çempionatımızın bürünc medalını qazanıb.