Azərbaycanın iddia etdiyi turnirin “Lausanne Palace”də müzakirəsi
30.11.2012 - 17:49
Azərbaycanın iddia etdiyi turnirin “Lausanne Palace”də müzakirəsi
2012-ci ildə UEFA-nın İcraiyyə Komitəsinin son iclası dekabrın 6-da keçiriləcək. Apasport.az saytının məlumatına görə, Lozannada qurum prezidenti Mişel Platininin sədrliyi altında toplantı “Lausanne Palace” otelində keçiriləcək.

UEFA-nın rəsmi saytından məlum olur ki, iclas Bakı vaxtilə saat 12:00-dan 19:30-a kimi keçiriləcək. Müzakirələr bitəndən sonra UEFA-nın baş direktoru Canni İnfantinonun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Yığıncaqda müzakirə ediləcək məsələlər aşağıdakılardır:
1. AVRO-2016-nın final mərhələsinin formatı.
2. AVRO-2020-nin konsepsiyası.
3. 2013-cü ildə İsraildə keçiriləcək gənclər arasında Avropa çempionatında əlavə köməkçi hakimlərin istifadə olunmağı.
4. 2013-cü ildə futzal üzrə UEFA kubokunun final mərhələsinin keçirilmə yeri.
5. UEFA bayrağı altında yeni klublararası yeniyetmələr turnirinin adı.
6. UEFA-nın 2014 və 2015-ci illərdə növbəti Konqreslərinin keçirilmə yeri.

Qeyd edək ki, Azərbaycan Gürcüstanla birgə AVRO-2020-nin keçirilməyinə namizədliyini irəli sürüb.