“Atletiko” ilə 3 illik müqaviləmizin “Visente Kalderon”da təqdimatı
01.12.2012 - 18:00
“Atletiko” ilə 3 illik müqaviləmizin “Visente Kalderon”da təqdimatı
Bu gün Azərbaycan futbolu üçün əlamətdar hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Madrid “Atletiko”su və “Bakı” klubu arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimat mərasimi keçirilib. Madrid vaxtı ilə saat 13.00-da (Bakı vaxtı ilə saat 16.00-da) “Visente Kalderon” stadionunun VİP zalında baş tutan mərasimə “Atletiko”nun prezidenti Enrike Sereso Torres və Azərbaycanın İspaniyadakı səfiri, cənab Altay Əfəndiyev də qatılıb.

Bu tədbir “Atletiko”nun baş direktoru Migel Angel Xil Marinin Bakıya ziyarəti zamanı əldə olunmuş geniş əməkdaşlıq planının tərkib hissəsidir. Belə ki, 2012-ci ilin oktyabrında “Bakı”nın prezidenti Hafiz Məmmədovun dəvəti ilə ölkəmizi ziyarət edən ispaniyalının səfər günlərində beynəlxalq əlaqələr, uşaq və yeniyetmə futbolunun inkişafı, “Atletiko” brendinin Azərbaycanda təmsil olunması, “Bakı”nın İspaniyada tanınması və digər aktual məsələlər ətrafında geniş müzakirələr aparılmışdı. Bunun nəticəsi kimi “Bakı” ilə “Atletiko” arasında strateji əməkdaşlıq müqaviləsi imzalanmışdı.

Ötən ay Bakıda əldə olunmuş razılığa əsasən, 3 il ərzində yüzlərlə azərbaycanlı futbolçu Madrid klubunun futbol akademiyasında təlim ala biləcəklər. Bu məqsədlə gələn ilin əvvəllərində “Bakı” və AFFA-nın dəstəyi ilə seçim xarakterli turnirlər təşkil olunacaq. Baxış xarakterli bu yarışlara 10-15 yaş arası futbolçular qatılacaq. Təcrübəli seleksionerlər tərəfindən seçilən uşaqlar Madridə yollanacaq, uzunmüddətli proqramlar əsasında təlim və təhsil alacaq, İspaniyanın müvafiq yaş qrupları üzrə uşaq liqalarında oynamaq imkanı əldə edəcələr. Bu layihənin bütün məsrəfləri “Bakı” tərəfindən ödəniləcək.

Bizlər üçün qürur mənbəyinə çevriləcək digər məqam odur ki, “Atletiko” bu gün “Real”la matça yenilənmiş forma ilə çıxacaq. Belə ki, onlar derbi oyunda rəngarəng logotip və üzərində “Odlar yurdu Azərbaycan” (“Land of fire Azerbaijan”) yazılan formaları geyəcəklər.

”Bakı”nın Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev apasport.az saytına açıqlamasında müqavilənin 3 illik müddəti əhatə etdiyini bildirib: “Bu, “Bakı” və “Atletiko” arasında bir müddət öncə imzalanan müqavilədir və 2015-ci ilə kimi nəzərdə tutulub. Sadəcə, indi onun təqdimat mərasimi olub. “Atletiko”nun futbolçularının “Real”la bugünkü oyunda üzərində “Land of fire Azerbaijan”, yəni “Odlar Yurdu Azərbaycan” yazısı olan formada çıxmağı bir jestdir. Gələcəkdə mövsümün gedişində madridlilərin çempionatda və kubokda oyunlarında bizlə bağlı loqotiplərin olmağı mümkündür. Bu əməkdaşlıq klubumuzun prezidenti Hafiz Məmmədovun ideyasıdır və ölkəmiz üçün yaxşı piardır. Təsadüfi deyil ki, “Atletiko” ilə əməkdaşlıqdan sonra İspaniyada Azərbaycana maraq daha çoxalıb, internetdə axtarışlar 165 faiz artıb”.

İspaniyanın tanınmış AS qəzeti əməkdaşlığın maliyyə tərəfinin 20 milyon avro və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sözləşmədə iştirak edən tərəflərdən biri olduğunu yazıb. Mehdiyev məbləğ haqda dəqiq məlumat aldıqdan sonra rəsmi açıqlama verə biləcəklərini deyib: “Atletiko” illik büdcəsi 150-200 milyon avro olan klubdur. Onun üçün 20 milyon elə bir məbləğ deyil ki, həyatı məna kəsb etsin. Klub ilin sonunda vergi bəyannaməsi təqdim edir ki, orada “Bakı” ilə əməkdaşlıq müqaviləsini göstərəcək”.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev apasport.az-a açıqlamasında təmsil etdiyi qurumun müqavilədə iştirak etməyi ilə bağlı məlumatı təkzib edərək, deyilənlərin doğru olmadığını söyləyib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə saytımıza bildirib ki, təmsil etdiyi qurum müqavilənin imzalanmağında iştirak etməyib: “Bu, “Atletiko” ilə “Bakı” arasında müqavilədir. AFFA-nın baş katibi Elxan Məmmədov həmin mərasimlə bağlı İspaniyaya yollanmayıb. AFFA bu layihəni, əməkdaşlığı dəstəkləyir. Biz “Atletiko”nun Akademiyasına yollanacaq futbolçuların seçimində, bununla bağlı turnirin keçirilməyində öz köməyimizi göstərəcəyik”.

Mehman SÜLEYMANOV