“Məqsədimiz komanda oyunu nümayiş etdirməkdir”
02.12.2012 - 13:03
“Məqsədimiz komanda oyunu nümayiş etdirməkdir”
“Rəqibimiz öncədən göstərdiyi oyunla və qazandığı qələbələrlə hansı səviyyədə olduğunu nümayiş etdirmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon deyib.

İspaniyalı mütəxəssis əvəzedicilər çempionatının XV tutunun “Bakı” ilə oyunu (1:0) haqda fikirlərini klubunun rəsmi saytına açıqlayıb: “Çətin və gərgin oyun olacağını bilirdik. “Bakı” ilə ilk oyun da maraqlı alınmışdı. Lakin həmin oyunda məğlubiyyətlə barışmalı olmuşduq. Bu matçda komandanın hər bir üzvü qələbəyə inanırdı və nəticədə biz istədiyimizi əldə etdik”.

İspaniyalı mütəxəssis hər keçən gün yetirmələrinin inkişaf etdiyini və görmək istədikləri sistemə uyğunlaşdıqlarını söyləyib: “İlk gündən məqsədimiz komanda oyunu nümayiş etdirmək, meydançada komanda şəklində hərəkət etməkdir. Heyətdəki futbolçular artıq bunu gözəl başa düşür və verdiyimiz tapşırıqları yerinə yetirmək üçün bacarıqlarını və güclərini ortaya qoyurlar. Son oyun da göstərdi ki, biz komanda oyunu oynayırıq və belə oyun sayəsində istədiyimiz nəticələri əldə edə bilərik. “Qəbələ” Futbol Akademiyasında da futbolçulara eyni fəlsəfə aşılanır. Bu da gənc futbolçuların komandamıza uyğunlaşması problemini aradan qaldırır”.