Vüqar Nadirov: Üstümə gəlib mənə yenidən zərbə vurdu - MÜSAHİBƏ
03.12.2012 - 10:36
Vüqar Nadirov: Üstümə gəlib mənə yenidən zərbə vurdu - MÜSAHİBƏ
“Qarabağ”ın futbolçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- “Neftçi” ilə oyunda yenə eyni hesabla qələbə qazandız. Matç haqda nə deyə bilərsiz?
- Qələbə qazanmaqdan başqa çarəmiz yox idi. Rəqib nə qədər güclü olsa da, 3 xal götürmək üçün oyuna çıxmışdıq. Şükürlər olsun ki, qələbə qazanıb istəyimizə çatdıq.

- Karyeranızın ən gözəl qollarından birini vurduz. Həmin anı necə xatırlayırsız?
- Həmin an ötürmə kənardan edildi. Səhv etmirəmsə, mənə ötürmə verən ya Muarem idi, ya da Vaqif. Mən də qolumun gözəl alınacağını gözləmirdim. Bəlkə də saxlayıb yerlə vursaydım, top qapıya daxil olmayacaqdı.

- Stamenkoviçin həmin epizodda irəli çıxacağını gözləyirdizmi?
- Sözün düzü, gözləmirdim. Ancaq özümdə topu hancı cinaha vuracağımı müəyyənləşdirmişdim.

- Sarı vərəqə aldığınız epizodda Bruno Bertuççi ilə aranızda münaqişə oldu. Buna aydınlıq gətirərdiz...
- Mən həmin futbolçuya heç nə etməmişdim. Onun kobudluğundan sonra yerdə yıxılıb qalmışdım. Ancaq o,üstümə gəlib mənə yenidən zərbə vurdu. Bu dəfə əsəblərimi cilovlaya bilmədim və onun üstünə cumdum. Fariz Yusifov da dedi ki, sarı vərəqəni sənə sonradan onun üzərinə doğru hərəkət etdiyimə görə verdim.

- Bir də ilk hissənin sonunda futbolçular paltardəyişmə otağına yollananda dava düşdü. Bu dəfə də sizin braziliyalı futbolçunuz Riçard Almeydanın Rəşad Sadiqova qarşı hərəkəti münaqişəyə səbəb oldu...
- Bu, futboldu. Futbolda hər şey olur. Hamı oyun vaxtı hirsli idi, ona görə də əsəblərini cilovlaya bilmirdi.

- Necə düşünürsüz, burda günah kimdə idi?
- Açığı, həmin anı mən görmədim. Çünki onda mən arxada idim.

- Növbəti turdakı oyunla bağlı nə deyə bilərsiz?
- İnşallah, həmin oyundan da 3 xal götürməyə çalışacağıq. Çalışırıq ki, qələbə seriyamızı uzadıb, ilk “altılıq”da yerimizi təmin edək.

SƏBUHİ TOFİQOĞLU