“Ürəyimdən yenidən Azərbaycanda oynamaq keçir” – MÜSAHİBƏ
03.12.2012 - 12:03
“Ürəyimdən yenidən Azərbaycanda oynamaq keçir” – MÜSAHİBƏ
Bakının “Standard”, “İnter”, “Rəvan” və Salyanın “Muğan” klublarında oynamış Anhel Qutyerresin apasport.az saytına müsahibəsi

- Son vaxtlar Qvatemala çempionatında oynayırdınız. Orada çempionat başa çatdıqdan sonra planlarınız necədir?
- Çempionat başa çatdığı üçün hazırda aldığım təklifləri götür-qoy edirəm. Seçimlə bağlı qərar verməyə tələsmirəm.

- Hansı ölkələrdən təklif almısınız? Yenə legioner həyatı yaşayacaqsınız, yoxsa vətənə dönəcəksiniz?
- Həm Uruqvay, həm Qvatemala, həm də digər ölkələrdən təkliflər var.

- Son klubunuz Miktlan “Deportivo”sunda qalmağınız mümkündür?
- Artıq müqaviləm başa çatıb və yeni variantları üzərində fikirləşirəm.

- Bəs özünüz hansı ölkədə oynamaq istəyirsiniz?
- Ürəyimdən yenidən Azərbaycanda oynamaq keçir. Ölkənizə qayıtmaq istəyimi menecerlərə də bildirmişəm.

- Təkliflər arasında sizin üçün həlledici amil hansıdır?
- Komandanın və çempionatın səviyyəsindən çox şey asılıdır. Əlbəttə, maddi məsələlər də az rol oynamır.

- Azərbaycanda “Standard”, “İnter”, “Muğan” və “Rəvan”ın formasını heyinmisiniz. Həmin dövrdən hansı təəssüratlarınız qalıb?
- Azərbaycanda çox yaxşı insanlar gördüm, onlarla tanış oldum. Bu amilin mənə 4 il yarım ərzində özümü rahat hiss etməyimdə böyük rolu oldu. Bakıda çəkdirdiyim çoxsaylı şəkillər var, hərəsi bir xatirədir.

- Ölkəmizdə oynadığınız klublar xatirənizdə necə qalıb?
- “Standard” mənə daha doğmadır. Çünki ilk klubum bu komanda olub. Yalnız ordan “İnter”ə gedib çempionluğu qazanmışam. “Rəvan” isə məndə acı xatirə qoyub.

- Bu klubda hansısa probleminiz yaranmışdı?
- Yox. Sadəcə, orda mənimki alınmadı.

- Niyə?
- Səbəbini özüm də bilmirəm.

- Bu qədər müddət ölkəmizdə oynamısınız. Azərbaycan dilini öyrənə bilmisiniz?
- Müəyyən sözlər və ifadələri öyrənmişəm. Özü də təkcə Azərbaycan dilində yox, həm də rus dilində. Arabir Bakıdakı dostlarımla danışanda həmin sözlərdən istifadə edirəm.

- Çalışdığınız baş məşqçilərdən kimi xatırlayırsınız?
- Kaxaber Sxadadze Azərbaycanda ilk məşqçim olub. Elə “İnter”ə də onun vaxtında transfer olunub, rəhbərliyi altında oynamışam. Bir də “Rəvan”da köməkçi məşqçini xatırlayıram. Onunla “Muğan”da da birgə olmuşuq. Digərlərini xatırlamıram.

- Azərbaycan Premyer Liqasını vətəniniz Uruqvay və oyandığınız son yarış olan Qvatemala çempionatı ilə müqayisə edə bilərsiniz?
- Azərbaycan Premyer Liqası Uruqvaydan aşağı, Qvatemaladan yuxarı – yəni 2 çempionatın arasındadır. Lakin Uruqvaydan az geri qalan çempionatınız sürətlə inkişaf edir.