Yenə “Xəzər Lənkəran”
03.12.2012 - 12:30
Yenə “Xəzər Lənkəran”
Topaz Premyer Liqasının XV turunun AZAL-la oyunu yarımçıq qalan “Xəzər Lənkəran” tarixində 2-ci dəfə belə halla üzləşib. Apasport.az saytının məlumatına görə, son illər yalnız Lənkəran şəhər stadionunda təsadüf olunan belə hadisə 3 il 3 aydan sonra təkrarlanıb.

2009/10 mövsümündə cənubluların “Bakı” ilə qarşılaşması daha tez – 12-ci dəqiqədə dayanmışdı. 2009-cu il sentyabrın 16-dakı qarşılaşmanın dayanmasına güclü yağış səbəb olmuşdu. Leysan üzündən komandalar matçın yerdə qalan 79 dəqiqəsini noyabrın 25-də oynamalı olmuşdu.

Maraqlıdır ki, həmin vaxt “Xəzər Lənkəran”a Ağasəlim Mircavadov başçılıq edirdisə, “Bakı” ilk 11 dəqiqəni Qyoko Hacıyevski, davamını isə Bülənt Korkmazın rəhbərliyi altında keçirmişdi.

Bu dəfə isə görüş yağış deyil, qatı duman üzündən təxirə salınıb. Özü də cəmi 1 gün sonraya. Yəni bu dəfə cənubluların rəqibi olan digər paytaxt təmsilçisi AZAL baş məşqçisini dəyişməyə vaxt tapmayacaq. Yenə komandaları meydana ispaniyalı Karles Martorell Bakeslə Vaqif Sadıqov çıxaracaq.

Daha 1 məqam maraqlıdır ki, 3 il 3 ay əvvəlki matç 1:1 hesabı ilə başa çatmışdı. Bu dəfə isə komandalar həmin hesabla 1 günlük fasiləyə yollanıb.