Sneyder “Neftçi”yə qarşı oynayacaq?
03.12.2012 - 13:08
Sneyder “Neftçi”yə qarşı oynayacaq?
“İnter”in hollandiyalı futbolçusu Uesli Sneyderin Avroliqanın qrup mərhələsi çərçivəsində, dekabrın 6-da “Neftçi” ilə matçda iştirakı dəqiqləşməyib. Apasport.az saytının məlumatına görə, “neradzurra”nın baş məşqçisi Andrea Stramaççoni yarımmüdafiəçinin klubla qalmaqalını həll etdikdən sonra əsas heyətə qayıdacağına inandığını bildirib.

O bildirib ki, son turda “Palermo”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda futbolçunu oynatmamağı daha məqsədəuyğun sayıb: “İndiki anda hollandiyalı heyətə daxil etməməyi qərara aldım və o, bunu bilir. Özü də mən Sneyderə hörmət edirəm və bizim münasibətlərdə problem yoxdur. Buna görə ümid edirəm ki, o, heyətə qayıda bilər. Mənə müqavilə ilə heç bir bağlılığı olmayan qərar qəbul etmək lazımdır. Sabah toplantımız olacaq. Mən ümid edirəm ki, o, yaxşı keçəcək”.

Qeyd edək ki, Uesli Bakıda 3:1 hesabı ilə qalib gəldikləri oyunda zədəli idi.