Muarem Muarem: Bizdən fərqli, “Neftçi” dincəlmişdi - MÜSAHİBƏ
03.12.2012 - 13:12
Muarem Muarem: Bizdən fərqli, “Neftçi” dincəlmişdi - MÜSAHİBƏ
Topaz Premyer Liqasının XV turunda “Neftçi” üzərində qələbə qazanan (1:0) “Qarabağ” klubunun makedoniyalı legioneri Muarem Muarem apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

- Öncə oyunu dəyərləndirməyinizi istərdik…
- 4 gün əvvəl kubokun 1/8 final mərhələsi çərçivəsində “Kəpəz”lə 120 dəqiqə mübarizə apardıq. “Neftçi” isə asan qələbə sayəsində mərhələ adladı. Yəni, Gəncədəki matçın yorğunluğu hiss olundu. Qol vurduqdan sonra müdafiəyə diqqəti artırdıq. İkinci hissədə isə yorğunluq öz işini görürdü.

- Zədəniz ciddidirmi?
- Futbolda bundan qaçmaq mümkün deyil. Rəqib də bunu bilərəkdən etmədi. Zədəm elə də ciddi deyil.

- Oyunda gərginlik var idi. Tez-tez mübahisələr olurdu. Bu nədən irəli gəlirdi?
- Hər iki komanda qələbə qazanmaq istəyirdi. Gərginlik də bundan qaynaqlanırdı. Bu görüşdə 3 xal bizim üçün daha vacib idi. Çünki “Neftçi”nin ehtiyatda 3 oyunu var. Qələbə qazanıb, onları üstələməyi düşünürdük. İkinci hissədə hər şey sakit məcrada davam etdi.

- İkinci hissədə müdafiəyə çəkilməyiniz yorğunluqdan irəli gəlirdi, yoxsa hesabı qorumaq haqda düşünürdüz?
- Bunun səbəbi yorğunluqla bağlıdır. 120 dəqiqəlik oyunun ardından, uzun yol gəldik. İki gündən sonra isə güclü rəqiblə duelə çıxdıq. “Neftçi”nin heyətində isə kubok oyununda əsas yox, ehtiyat heyət meydana çıxmışdı. Yəni, bizdən fərqli, “Neftçi” dincəlmişdi.

- Hesabı ədalətli hesab edirsiniz?
- Sona qədər mübarizə apardıq. Erkən qol vurduq. İkincini də vurmağa yaxın olduq, amma alınmadı. Bizə qələbə lazım idi, ona da nail olduq.

- “Qarabağ”ın enişli-yoxuşlu qrafik cızması nədən qaynaqlanır?
- Futbolda belə vəziyyətlər olur. İnşallah, bundan sonra yüksələn xətlə irəliləyərək.

- “Qarabağ” son mövsümdə avrokuboklarda oynamadı. Məqsədi isə bütün gücünü çempionata sərf etmək, çempion olmaqdır. Amma işlər heç də qaydasında deyil…
- Bəli, razıyam ki, işlər düşündüyümüz kimi getmir. Şükürlər olsun ki, qələbə qazanmağı bacarırıq.

- Necə düşünürsüz, bu gedişlə məqsədinizə nail ola biləcəksinizmi?
- Bunun üçün mübarizə aparırıq. Bütün gücümüzü sərf edəcəyik. Oyunlara daha yaxşı konsentrasiya olacağıq.