“Azərbaycanla oynamaq istəsək də, alınmır” - MÜSAHİBƏ
05.12.2012 - 12:00
“Azərbaycanla oynamaq istəsək də, alınmır” - MÜSAHİBƏ
Özbəkistan Futbol Federasiyasının Milli Komandalar Mərkəzinin rəhbəri Ramil İlyasovun apasport.az saytına müsahibəsi

- 2013-cü ilin fevralın 1-də Dubayda Özbəkistan və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. Bu qarşılaşmanın keçirilməsi variantı necə yarandı?
- Həmin oyun tərəfdaşlarımız sayəsində mümkün oldu.

- Tərəfdaşlar dedikdə, kimi nəzərdə tutursunuz?
- Toplanışı təşkil edən şirkəti. Onlar bizim Birləşmiş Ərəb Əmirliklərindəki tərəfdaşlarımızdır.

- Dubay hazırlığında başqa hansı yığmalarla görüşəcəksiniz?
- Milli səviyyəsində yalnız Azərbaycanla. Digər rəqiblərimiz klublar olacaq.

- Həmin oyunlar millimizlə matçdan əvvəl keçiriləcək?
- Elədir. Fevralın 2-də Daşkəndə qayıdacağıq. Çünki qarşıda DÇ-2014-ün Honq Konq yığması ilə seçmə oyunu var.

- Deməli, rəsmi matç öncəsi son sınaq millimizə qarşı olacaq...
- Bəli. Bu, Honq Konqla qarşılaşma öncəsi əsas məşq xarakteri daşıyacaq. Millinizlə görüş hazırlıqlarımızın yekun mərhələsinə təsadüf edəcək.

- Azərbaycan yığması haqda hansı fikirdəsiniz?
- Bilirik ki, siz də DÇ-2014-ün seçmə mərhələsində oynayırsınız. Rusiyaya qarşı yaxşı oyun göstərdiyinizi və yalnız sonda qol buraxıb uduzduğunuzdan xəbərdarıq. Komandanız yaxşı futbolçu seçiminə malikdir. Üstəlik, başda Berti Foqts olmaqla, ustalardan ibarət məşqçilər korpusunuz var.

- Azərbaycan yığması Avropa, Özbəkistan isə Asiya zonasında mübarizə aparır. Honq Konqla matçın son hazırlığında millimizlə qarşılaşmaq sizə nə dərəcədə faydalı olacaq?
- Avropa futbolu Asiya ilə müqayisədə xeyli öndədir. Elə Azərbaycan yığması da güclüdür. Komandanızla oynamaq yalnız bizim xeyrimizədir.

- Dubayda qarşılaşmaq üçün başqa variantlar var idi? Azərbaycanı hansısa başqa milli ilə müqayisədə seçdiniz?
- Bizə Azərbaycan yığması ilə görüşmək təklif olunan kimi razılaşdıq. Artıq başqa variantlara baxmadıq da. Biz elə belə rəqiblə oynamaq istəyirdik.

- Yadınızdadırsa, milli komandalarımız 2009-cu ildə də Dubayda qarşılaşmışdılar...
- Bəli, yadımdadır. Düşünürəm ki, millilərimiz arasında qarşılaşmalar gələcəkdə də keçiriləcək.

- Ola bilərmi ki, gələcəkdə komandalarımız arasında yoxlama görüşü Bakıda və ya Daşkənddə baş tutsun?
- Artıq neçə ildir Özbəkistan Futbol Federasiyası AFFA ilə əməkdaşlıq edir. Bu müddətdə bizim yığmalar Azərbaycana, sizin komandalar isə ölkəmizə dəfələrlə səfər ediblər. Lakin bu həmişə digər yığmalar olub. Azərbaycanın əsas yığması ilə oynamaq istəsək də, alınmır. Çünki milliniz yoxlama oyunu keçirəndə biz seçmə matçına çıxırıq, ya da əksinə. Hər 2 komanda üçün yoldaşlıq görüşü eyni vaxta düşmür. Lakin yaxın gələcəkdə bu mümkün ola bilər.