Səbuhi Səfiyarlı: O, “Lex”lə oyunlar zamanı diqqət çəkib
05.12.2012 - 15:26
Səbuhi Səfiyarlı: O, “Lex”lə oyunlar zamanı diqqət çəkib
“Nizami Hacıyev Polşaya burdan heç bir menecerin vasitəçiliyi ilə getməyib”. Bunu apasport.az saytına açıqlamasında “İnter”in baş direktorun müavini Səbuhi Səfiyarlı deyib.

2010-cu ilin iyulunda Çempionlar Liqasının II təsnifat mərhələsində “İnter” Polşanın “Lex” klubu ilə üz-üzə gəlmişdi. Klub rəsmisinin sözlərinə görə, futbolçu öz gücü sayəsində Polşa klubunun diqqətini çəkib: “Görünür, Çempionlar Liqasında “Lex”lə matçlarımız zamanı Nizami Hacıyevin yaxşı oyunu o vaxtdan polşalı skautların hafizəsində qalıb. Belədə onlar kluba müraciət ünvanlayaraq futbolçumuzun baxışa gəlməsini bizdən xahiş edib. Biz də ölkə futbolunun inkişafı naminə Nizaminin ora getməsinə şərait yaratdıq. Artıq ayın 7-də Hacıyev bura qayıdacaq. Çünki dekabrın 9-da AZAL ilə oyunumuz var. Bura qayıtdıqdan sonra onunla söhbət edəcəyik. Bundan sonra onun yenidən “Poqon”un düşərgəsinə gedib-getməyəcəyi də müəyyənləşəcək”.

Qeyd edək ki, Nizami Hacıyev dekabrın 3-də Polşaya gedib.

Səbuhi TOFİQOĞLU