Şimallılarla 5-ci duel
05.12.2012 - 19:06
Şimallılarla 5-ci duel
Avro-2014-ün seçmə mərhələsində Rusiya, Slovakiya və İslandiya ilə görüşəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçün bu rəqiblərdən ikisi tanışdır. Apasport.az saytının məlumatına görə, komandamız yalnız İslandiya ilə əvvəlki seçmə mərhələlərdə qarşılaşmayıb. Əvəzində Slovakiya ilə 1 dəfə üz-üzə gələn millimiz Rusiya ilə artıq 5-ci duelə çıxacaq.

1997-ci ildə Nadir Qasımov, 3 il sonra Səyavuş İbrahimovun çalışdırdığı komanda şimallılara “boyun əymişdi”. Əvvəl 0:3 hesabı ilə uduzan yığmamız sonradan 1:4 hesabı ilə yenilmişdi. Son 2 duel isə “sülh”lə bitib. 2005-ci ildə Şakir Qəribov, 2007-ci ildə isə Yaşar Vahabzadənin başçılıq etdiyi komanda ruslardan 1 xal alıb. Bu oyunların ikisi də 1:1 hesabı ilə başa çatıb.

Slovakiyalılarla yeganə matç uzaq 1995-ci ilə təsadüf edib. Həmin vaxt Ələkbər Cəfərovun baş məşqçisi olan yığmamız 2 cavabsız qolla uduzub.