Julius Vobay: Mən belə şeylərə öyrəşmişəm - MÜSAHİBƏ
05.12.2012 - 18:55
Julius Vobay: Mən belə şeylərə öyrəşmişəm - MÜSAHİBƏ
Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Milanda “İnter”lə qarşılaşacaq “Neftçi” klubunun yarımmüdafiəçisi Julius Vobayın apasport.az saytının İtaliyaya ezam olunan əməkdaşına müsahibəsi

- “Neftçi” sabah çətin sınağa çıxacaq. Komandanız “İnter”lə görüşə tam hazırlaşa bilibmi?
- Bazar günü Premyer Liqada çətin oyun keçirdik. “İnter”lə qarşılaşmaya hazırlaşmaq üçün cəmi 3 gün vaxtımız oldu. Bilirəm, sabahkı oyun bizim üçün ağır keçəcək. Ancaq başqa seçim imkanımız yoxdur. Çalışacağıq ki, bu ağırlığı hiss etdirməyək.

- “Xəzər Lənkəran”da oynadığınız vaxt belə ağır qrafik yox idi. Ancaq “Neftçi” Avropa Liqasına vəsiqə qazandıqdan sonra sıxlıq yaranıb...
- Aydındır. Qrafiki biz seçməmişik. Ona görə də razılaşmalı və oynamalıyıq.

- Sabah qrup mərhələsi çərçivəsində son matça çıxacaqsız. Hər kəs bu mərhələni major notda başa vurmaq istəyir...
- Bilirik ki, böyük komandaya qarşı mübarizə aparacağıq. Ona görə də meydana çıxıb, öz oyunumuzu nümayiş etdirmək istəyirik.

- Bakıdakı görüşdən sonra “İnter”in hansısa oyununu izləmisəniz?
- Yalnız bəzi oyunlarının müəyyən epizodlarına baxmışam.

- Avropada sayılıb-seçilən stadionlardan birinə çıxacaqsınız. Azarkeşlərin təzyiqi oyununuza hansısa təsir göstərməyəcək?
- Yığmanın heyətində keçirdiyimiz oyunlar zamanı güclü azarkeş təzyiqini görmüşəm. Yəni, mən belə şeylərə öyrəşmişəm. Ona görə də stadionun dolu olması məni narahat etmir. Onu bilirəm ki, azarkeşlər maraqlı oyun izləyəcək.

- Qeydə alınacaq nəticə rəqibin turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. Bu, “Neftçi”nin işinə yaraya bilərmi?
- Onlar oyuna ciddi yanaşacaqlar. Hansısa arxayınçılıqdan söhbət gedə bilməz. Düzdür, “İnter” üçün bu oyunun nəticəsi elə də önəmli deyil. Lakin azarkeşlərini sevindirmək üçün matça ciddi yanaşacaqlar.

- “Partizan”la oyundan sonra xeyli tənqid olundunuz. Zəif təsir bağışlamağınız yorğunluqla bağlıdır, yoxsa artıq rəqiblər oyun üslubunuzu əzbərləyib?
- Ola bilər, hardasa yorğunluq olsun. Futbolda belə şeylər normaldır. Tənqid edildikdən sonra daha yaxşı oynamağa çalışırsan. Məncə, tənqid normaldır.

- Premyer Liqanın son turunda “Qarabağ”a uduzdunuz. Əksəriyyət “İnter”lə oyunu düşündüyünüzə görə, uduzduğunuzu fikirləşir. Həqiqətən belə idi?
- Mydana istəkli çıxmışdıq. Hamımız qələbə haqda düşünürdük. Lakin oyunumuz alınmadı. Nəticədə rəqib qələbə qazandı.