“Xarici menecerlər gəlib oyunumuza baxacaqlar” - MÜSAHİBƏ
05.12.2012 - 19:29
“Xarici menecerlər gəlib oyunumuza baxacaqlar” - MÜSAHİBƏ
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin apasport.az saytının Milana ezam olunmuş əməkdaşına müsahibəsi

- Zədədən sonra özünüzü necə hiss edirsiniz?
- Mən hələ tam zədədən qabaqkı formada deyiləm. Əlbəttə, bu, məlum məsələdir. Mən cərrahiyyə əməliyyatı keçirmişəm. Bu, yüngül olsa da, hər halda, əməliyyatdır. Özümü zorla toparladım. Sağ olsunlar, komandada hamı, bütün rəhbərlik, məşqçilər, həkimlər, futbolçular mənə çox dəstək oldular. Baş məşqçimiz Böyükağa Hacıyev müəllim bunu nümayiş etdirərək, məni oynatdı. Yavaş-yavaş özümü yaxşı hiss edirəm. Allahın köməyi ilə 1 aydan sonra təlim-məşq toplanışına gedəndə, əvvəlki formamı qaytaracağam.

- İtaliya səfəri öncəsi çempionatda “Qarabağ”la derbi oyunda məğlub oldunuz. Bundan sonra düşərgədə əhval-ruhiyyə necədir?
- Düzdür, məğlub olandan sonra istər-istəməz üzülürsən. Ancaq toparlanmağa çalışdıq və Milana yaxşı əhval-ruhiyyədə gəlmişik. İnanmıram ki, hazırda komandamızda kimdəsə ruh düşkünlüyü olsun. “İnter”lə oyuna ciddi hazırlaşmışıq.

- “İnter” kimi dünya şöhrətli komandaya qarşı, özü də məşhur “Cuzeppe Meatsa”da oynamaq. Futbolçu, xüsusilə də sizin kimi gənclər üçün bundan böyük stimul ola bilməz. Üstəlik, siz “İnter”lə Bakıdakı matçı zədə üzündən buraxdığınızdan, ilk dəfə ona qarşı oynayacaqsınız...
- Düzdür. Allah qismət eləsə, Böyükağa müəllim mənə heyətdə yer versə, oynayacağam. Mənim üçün fəxrdir ki, “İnter” kimi güclü komanda ilə oyuna çıxacağam. Karyeramda bəlkə bir də belə bir şey olmadı. Bu, Avroliqadır və bizim kimi gənc futbolçular üçün bir bazardır. Bizdə ruh düşkünlüyü olmamalıdır və gedib özümüzü göstərməliyik. Hansısa xarici klublar, menecerlər gəlib oyunumuza baxacaqlar. Buna görə özümüzü yaxşı tərəfdən göstərib, hansısa güclü bir klubun xoşuna gəlməliyik. Bunun üçün əlimizdən gələni etməliyik. Bizim itirəcəyimiz heç nə yoxdur. Meydana çıxıb, sərbəst futbol oynamalı, öz oyunumuzu göstərməliyik. Əlbəttə, bizə psixoloji baxımdan təzyiq yoxdur. Sözsüz ki, klub prezidenti, rəhbərlik, baş məşqçi də bilir ki, kimə qarşı oynayırıq.

- “İnter”i bir rəqib olaraq necə dəyərləndirərdiniz?
- Onu indiyə kimi kənardan, televiziyada izləmişəm. Bizim üçün çox xoşdur ki, belə güclü futbolçularla qabaq-qabağa oynayırsan. Onlardan çox şey götürəcəyik. “İnter”in futbolçularının inkişafından, meydanda hərəkətlərindən, topla, topsuz davranışını görərək, biz gənc futbolçular üçün çox gözəl stimuldur. Yəni görürük, götürürük.

- Milanda hansı nəticəyə ümid edirsiniz?
- Mən səmimi deyirəm ki, komandama çox güvənirəm. Mən həmişə belə olmuşam. İnşallah, Milanda xal qazanarıq. Səmimi heç-heçəyə ümid edirəm. Mən yalandan durub deyə bilmərəm ki, udacağıq. Uduzacağımızı da deyə bilmərəm.

- “Neftçi” yekunlaşmaqda olan qrup mərhələsində 2 xal toplayıb. Komandanın ümumilikdə çıxışını necə dəyərləndirərdiniz?
- Avroliqa bizim üçün bir imtahan idi. Gəldik, bu sınaqdan keçdik. İnşallah, gələcəkdə yenə qrupa düşsək, artıq başqa cür olacaq.

- Bu il yetərincə məhsuldar oyun nümayiş etdirmisiniz. Həm “Neftçi”nin, həm də gənclər yığmamızın heyətində beynəlxalq oyunlarda qol vurmusunuz. “İnter”lə matçda da bunu bacarmasınız, futbol tariximizdə həmişəlik iz buraxıb, bəlkə də ilin futbolçusu seçilə bilərsiniz...
- Ola bilər. Mən bu haqda heç nə deyə bilmərəm. Mən başa düşürəm ki, yerli futbolçunun qol vurmağı ayrıdır. Bu, azərbaycanlı oyunçudur ki, “İnter”ə qol vurur. Əlbəttə, mən bunu istəyirəm. Mənim bəlkə də ən böyük arzumdur ki, elə bir komandaya qol vurum. Bu, olmasa da, heç vaxt həvəsdən düşmərəm. Vurdum-vurmadım, mənim üçün fərqi yoxdur, əsas komandanın uğurudur. Mən heç vaxt fikirləşməmişəm ki, ay gedib qol vurub, özümü gözə soxum. Bəlkə də qıraqdan elə görsənir. Ancaq mən həmişə komandam üçün oynamağa, ötürmə verməyə çalışmışam. Daim komanda yoldaşlarımı topla təchiz etməyə səy göstərmişəm. Mən bundan ləzzət alıram.

Mehman SÜLEYMANOV
MİLAN