“Naftalin iyi verən futbolçularla qurtarmaq lazımdır”
06.12.2012 - 00:02
“Naftalin iyi verən futbolçularla qurtarmaq lazımdır”
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev İtaliyada mətbuat konfransı keçirib. Apasport.az saytının Milana ezam olunmuş əməkdaşının məlumatına görə, “İnter”lə oyun öncəsi fikirlərini açıqlayan təcrübəli mütəxəssislə yanaşı, jurnalistlərlə görüşə İqor Mitreski və Tərlan Quliyev də gəlib.

- Mətbuat konfransında iştirak etmək üçün seçdiyiniz futbolçular müdafiəçilərdir. Bu, komandanın oyun tərzinin, daha çox müdafiə olunacağının göstəricisidir?
- Bir şeyi unutmayın ki, yanımdakı futbolçuların burda olmağı təsadüfi deyil. Tərlana gənc futbolçu kimi böyük ümid bəsləyirəm. Ola bilsin ona dünən inanmırdım. Ancaq indi inanıram. Quliyev ağır yükü daşımağa hazırdır. İqor gözəl futbolçu, gözəl insandır. Heç vaxt müdafiədən oynamamışam, oynamayacağam da. Nə qədər nəfəsim gedib-gəlir, belə olacaq. Həmişə baxımlı oyuna üstünlük vermişəm.

- “İnter” kimi güclü komandaya qarşı oynasanız da, nikbinliyi saxlayırsınız. Ancaq bu, əvvəlki kimi deyil. Real baxsaq, “Neftçi” nəyə ümid edir?
- Allah insanlara potensialı eyni cür verir. Bir düşünən beyin, ürək, iki qol, iki ayaq. Başa düşmürəm, “İnter”in bizdən nəyi fərqlidir? Düzdür, İtaliya futbol ölkəsidir. Ancaq biz Azərbaycandan gəlmişik və öz mentalitetimiz var. Desəm ki, burdan xal aparacağıq, mənə şübhə ilə yanaşacaqsınız. İnanmırsansa, niyə mənimlə bura gəlmisiniz? Onu deyim ki, “Neftçi” ən gözəl oyununu oynayacaq. Artıq naftalin iyi verən futbolçularla qurtarmaq, gənclərə güvənmək lazımdır. “Neftçi” sensasiya edə bilər.

- Bizim üçün turnir yekunlaşır. Necə fikirləşirsiniz, yarışı qalib, yoxsa məğlub tərk edirsiniz? “Neftçi”nin qrupda 2 xal qazanmağı Azərbaycanda birmənalı qarşılanmır...
- Həyatda bu qiyməti siz verirsiniz. Özümə qiymət verməyi xoşlamıram. Elə məşqçiyəm ki, ya zirvəyə vuruşuram, ya da ümumiyyətlə, vuruşmuram. Biz Azərbaycanda tikilən futbol evinə sonuncu kərpici qoymuşuq. Mənim işim birmənalı qarşılana bilməz, bu, təbii haldır. Hamı məni sevə bilməz. Sevənləri və sevməyənləri də bağrıma basıram. Düzgün tənqiddən ötrü ölürəm və bundan nəticə çıxartmağa çalışıram.

- Qrupdakı 5 oyunu təhlil edəndə, fikirləşirsiniz ki, bu oyunda başqa futbolçunu qoysaydınız, nəticə fərqli ola bilərdi?
- Bunun günahkarı bilavasitə mənəm. Nə klub prezidentidir, nə də başqa şəxslər. Mənə dedilər ki, APOEL-lə oyunda sonra təcili transferlər edək. Ancaq gec idi. Qapalı olan sandığı aça bilmərəm. Mənim əlimin altında 3 futbolçu – müdafiəçi, yarımmüdafiəçi, hücumçu olsaydı, tam fərqli çıxış edə bilərdik. Mənə kəmiyyət yox, keyfiyyət lazımdır. Yeni futbolçuların komandaya uyğunlaşmağına 5 ay vaxt gərəkdir. Mövsüm bitəndən sonra komandamızda 10 futbolçu dəyişilib, ancaq bu, nəticəyə təsir etmədi. Gələn məşqçilər iddia qaldırır ki, mənə 3 il vaxt verin. Mən 3 ay vaxt istəmişdim. “Neftçi”də 10 nəfər dəyişir və komanda qrupa düşür. Bu, tək mən işim deyil. Bunun 1 nömrəli memarı klubumuzun prezidenti Sadıq Sadıqovdur, sonra digər instansiyalardır. “Neftçi”nin uğurunda qapıda duran mühafizəçidən, xadimədən tutmuş hamının əməyi var. Mən çalışdım, ancaq buna insan gücü qadir deyildi. Sadəcə, fərqli nəticə ola bilərdi. Ancaq mən səhv etmək istəmədim. Leninin yalnız bir düzgün kəlamı var. Axmaq o demək deyil ki, yalnız səhv eləmir. Axmaq odur ki, bir səhvi ikinci dəfə təkrar edir.

- “İnter” “Neftçi”yə qarşı gənc futbolçularla oynayacaq. Onları təhlil etmək çətindir. Bu, çətinlik yaratmır?
- Bizim üçün fərq etmir. Kassano, Milito, Kambyasso, Koutinyo da çıxsa, öz oyunumuzu oynayacağıq. Biz rəqib üzərində taktika qurmuruq. Çalışırıq ki, rəqib bizim üzərimizdə taktika qursun.

Mehman SÜLEYMANOV
Milan