Bahodir Nasimov: Mən meydanda heç kimi tanımıram – MÜSAHİBƏ
06.12.2012 - 10:10
Bahodir Nasimov: Mən meydanda heç kimi tanımıram – MÜSAHİBƏ
“Neftçi” klubunun və Özbəkistan yığmasının futbolçusu Bahodir Nasimovun apasport.az saytının Milana ezam olunmuş əməkdaşına müsahibəsi

- Ötən mövsümün sonunda aldığınız zədədən sonra hələ də oynamırsınız. Hazırda vəziyyətiniz necədir?
- Normal. Özümü yaxşı hiss edirəm. Yavaş-yavaş formamı yığıram. Ən əsas odur ki, komanda ilə məşqlərə başlamışam.

- “Partizan”la Bakıdakı matçda adınız protokola daxil edilmişdi. Ancaq yəqin ki, meydana çıxmamağınız sizin üçün gözlənilməz olmadı...
- Bəli. Həmin matçda oynayacağımı gözləmirdim. Komanda ilə birgə məşq etməyim vacibdir ki, artıq bu imkana malikəm. Çalışıram ki, ehtiyatlı olub və daha belə zədə almayım. Gərək əvvəlcə formanı yığasan, sonra oynayasan.

- Buna nə qədər vaxt lazımdır?
- 2 həftədən sonra tam hazır olacağam. İnşallah, fevralda meydana çıxacağam.

- “İnter”lə Milandakı matçda meydana çıxmaq ürəyinizdən keçir?
- Əlbəttə. Əgər imkan olsa, meydana çıxacağam. Sözsüz ki, hər bir futbolçu belə rəqibə qarşı, məşhur stadionda oynamaq istəyir. 10-15 dəqiqə oynaya bilərəm.

- “İnter”lə oyuna necə hazırlaşdınız, nəyə ümid edirsiniz?
- Yaxşı hazırlaşmışıq. Sadəcə, çempionatda son turda uduzduq. “İnter”lə matça ciddi hazırlaşdıq, rəqibin oyununu izlədik. Bunu yenə edəcəyik. “İnter” çox güclü komandadır. Hər il Çempionlar Liqasında, Avroliqada qrup mərhələsində oynayır. Üstəlik, evdə çıxış edəcək. Şanslar bərabərdir. Kim güclü olsa, o da qalib gələcək.

- Rəqibin gücünü nəzərə alsaq belə, bədbin deyilsiniz?
- Ruhdan düşmürük. İnşallah, nəticə bizim üçün yaxşı olar.

- Azərbaycan və Özbəkistan yığmaları gələn ilin fevralında Dubayda yoldaşlıq görüşü keçirəcək...
- Düzünü desəm, mən bu oyunun olmağını çox istəyirdim. Ona görə ki, hamı məndən Azərbaycan, yoxsa Özbəkistan yığmasının güclü olduğunu soruşur. Bu milli komandalar nə vaxta üzləşəcək, bax onda hansının, hansı çempionatın güclü olduğunu görünəcək.

- Ancaq bu oyun nə Bakıda, nə də Daşkənddə olacaq. Sizcə, bu amil matça təsir göstərəcək?
- Niyə ki? Burda pis bir şey yoxdur. Əsas odur ki, oyun keçiriləcək. İndi yığmamızın dünya çempionatına düşməyə yaxşı şansı var. İnşallah, qarşıdakı 2 oyunu udsaq, buna nail olacağıq.

- Sözsüz ki, Azərbaycan – Özbəkistan matçında oynamağı çox istəyərsiniz. Sizcə, uzun müddətdir oynamadığımızdan, həmin matça çağırılacaqsınız?
- Əlbəttə, buna ümid edirəm. Özbəkistandan zəng edib, vəziyyətimlə maraqlanırlar. Mən də dedim ki, durumum normaldır, artıq komanda ilə məşq edirəm.

- Siz həmin matçda “Neftçi”dəki komanda yoldaşlarınıza, çempionatımızdan yaxşı tanıdığınız futbolçulara qarşı oynayacaqsınız. Bu, sizin üçün prinsipial matç olmayacaq?
- Yox. Mən meydanda olanda, heç kimi tanımıram. 90 dəqiqə, hakimin fitinə kimi oynayıb, meydanda bütün gücümü qoyacağam.

Mehman SÜLEYMANOV
MİLAN