Saşa Stamenkoviç: “İnter”dən qorxmuruq – MÜSAHİBƏ
06.12.2012 - 10:27
Saşa Stamenkoviç: “İnter”dən qorxmuruq – MÜSAHİBƏ
“Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviçin apasport.az saytının Milana ezam olunmuş əməkdaşına müsahibəsi

- “İnter”lə çətin səfər oyununa nə dərəcədə hazırsınız?
- Avroliqada son oyunumuzdur. Meydanda yaxşı təsir bağışlamağa çalışacağıq. “İnter” oyunda favoritdir. Ancaq futbolda oyuna qədər heç nə aydın olmur. Buna görə də sona kimi oynayacağıq. Qrupa düşdüksə, sonda onu yaxşı nəticə ilə başa vurmağa çalışacağıq. Bizim üçün “İnter”lə oyunda ən yaxşı nəticə uduzmamaq olacaq.

- Güclü rəqiblə məşhur stadionda oyun öncəsi sizdə həyəcan varmı? Rəqibin təhlükəli hücumçulardan çəkinirsiniz?
- Yox. Ümumiyyətlə, “İnter”dən qorxmuruq. Göstərmək istəyirik ki, onun meydanında da oynaya bilirik. Əgər Allah qismət etsə, nəticə qazanarıq.

- “İnter”dən onun meydanında xal almağımız realdır?
- Bu komanda ilə Bakıdakı matçın ilk hissəsində elə də yaxşı oynamadıq. Milandakı matçda çox şey oyuna necə başlamağımızdan və “İnter”in bizə nə qədər oynamağa imkan verəcəyindən asılı olacaq.

- Belə güclü rəqiblə oyunda etibarlı qapıçıdan çox şey asılıdır. Bu mənada bir təcrübəli qapıçı kimi sizə çox güvənirik...
- Necə oynamağımız təkcə qapıçıdan yox, bütün komandadan asılıdır. Axı heç bir oyunçu təkbaşına “İnter”ə qalib gələ bilməz.

- “Neftçi”nin qrup mərhələsində çıxışını necə dəyərləndirərdiniz?
- Bu haqda yalnız onda danışa bilərik ki, digər Azərbaycan komandası qrupa düşsün. Əgər o, 2 xaldan çox toplayarsa, daha yaxşı çıxış sayılacaq. Hər şeyi zaman göstərəcək. Hələliksə bizim üçün bu nəticə də yaxşıdır.

- Sizin doğulub, boya-başa çatdığınız keçmiş Yuqoslaviya ölkələri İtaliya ilə sərhəd olduğunuzdan, buraları yaxşı tanıyarsınız...
- Serbiyadan, Makedoniyadan dostlarım Milana gələcək. Onlar üçün bura yaxındır və gəlib, mənə, “Neftçi”yə azarkeşlik edəcəklər. İtaliyada da keçmiş Yuqoslaviyadan çoxlu insanlar işləyir. Onlar da oyunumuza gələcəyindən, azarkeşlərimiz çox olacaq.

Mehman SÜLEYMANOV
MİLAN