Terim futbolçularına təşəkkür etdi
06.12.2012 - 04:25
Terim futbolçularına təşəkkür etdi
“Stadiona gələn hər bir azarkeşə təşəkkürümü bildirirəm. Onların duaları, ürəklərindən keçənlər belə gözəl sonluqla nəticələndi. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının H qrupunun sonuncu oyun günündə səfərdə “Braqa”nı məğlub edən “Qalatasaray”ın baş məşqçisi Fatih Terim deyib.

Təcrübəli mütəxəssis matçda 1:0 hesabı ilə geri olmasına baxmayaraq, yetirmələrinin ikinci yarıda əzmkarlıq nümayiş etdirib oyunun taleyini dəyişdikləri üçün onlara minnətdar olduğunu vurğulayıb:

“Oyunun ilk hissəsi bizim üçün yaxşı başlamadı. Burada fikirləşirdik ki, “Mançester Yunayted” necə də olsa ÇFR-i məğlub edər. Amma bu baş vermədi. Rəqibin qapımıza vurduğu qolundan sonra, elə bil yuxudan ayıldıq. İkinci yarıda gözəl oyun nümayiş etdirib, hesabı xeyrimizə dəyişdikləri üçün yetirmələrimin hər birinə təşəkkürümü bildirirəm.

Qeyd edək ki, “Qalatasaray” Burak və Aydının qolları sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.