Nazim Süleymanov: Burda adamı vahimə basır - MÜSAHİBƏ
06.12.2012 - 11:55
Nazim Süleymanov: Burda adamı vahimə basır - MÜSAHİBƏ
Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanovun apasport.az saytının Milana ezam olunmuş əməkdaşına müsahibəsi

- İtaliyaya təsadüfən ilk səfəriniz deyil?
- Xeyr. Hələ futbolçu vaxtımda gəlmişəm. 90-cı illərin əvvəlində “Alaniya”da oynadığım zaman İtaliyaya təlim-məşq toplanışına gəlmişdik. Bu, Coko şəhəri idi, bir az hündürlükdə yerləşir.

- Bəs “Neftçi”nin “İnter”lə oynayacağı “Cüzeppe Meatsa”da?
- Düzdür, biz bu stadiona ekskursiya kimi gəzməyə gəlmişdik.

- “Neftçi”nin məşqini izləmək üçün jurnalistlərlə birgə bu məşhur stadionda oldunuz. Maraqlıdır, hansı hissləri keçirdiniz?
- Belə stadionlara daxil olanda, yaxşı mənada burda adamı vahimə basır. Biz futbol mühitinə düşmüşük. Aurası çox gözəldir. Əlbəttə, belə stadionda bizim Ələkbər Məmmədov kimi futbolçumuz oynayıb, “Milan”a yoldaşlıq görüşündə 4 qol vurub. Sözsüz ki, belə stadionda futbol oynamaq özü bir tarixdir.

- Deməli, bu arenada futbol oynamamağın özü bir günahdır...
- Belə də demək olar. Meydana çıxırsansa, gərək oynayasan.

- Onu da nəzərə alaq ki, reallıqda “İnter”lə “Neftçi” arasında səviyyə fərqi çox böyükdür. Belə olan halda, futbolçularımız güclü rəqiblə oyunda nəyə ümid etsin?
- Əksinə, burda daha rahat oynamaq lazımdır. Nəticə qazansaq, Azərbaycan futbolunun imici qalxacaq, “Neftçi”nin reytinqi qalxacaq. Onsuz da “İnter” qrupda 2-ci yeri tutub. Bildiyimə görə gənc futbolçular oynayacaq. Ancaq yenə də səviyyə başqadır. Əlbəttə, futbolçularımızın meydana rahat çıxmağını və nəyə qadir olduqlarını orada göstərmələrini istərdik.

- “Neftçi”nin qrup mərhələsində çıxışı sizi nə dərəcədə razı saldı? Gözlədiyiniz oldumu?
- “Neftçi”nin qrupa düşməyi artıq böyük bir qələbədir. Burada oynamaq, futbolçuların təcrübəsi vacib amildir. Biz əvvəl deyirdik ki, “Qarabağ” Avroliqada neçə mərhələ keçib, necə güclüdür, ildən-ilə artırır. Bu il də sübut elədik ki, qrupa düşə bilərik. Bizim klublarımız düşməlidir, buna çalışmalıdır. Yəni “Neftçi”nin qrup mərhələsinə düşməyi yaxşı nəticədir. Qaldı ki 2 xal yığmamıza, əlbəttə, hər xal Azərbaycan futbolu, klub üçün önəmlidir.

- Əgər stimuldan danışırıqsa, “Neftçi”nin gənc futbolçuları üçün digər motivasiya sizin burda onların oyununu izləməyiniz olacaq. Yəni Nazim Süleymanov öz qeydlərini baş məşqçi Berti Foqtsun diqqətinə çatdıracaq...
- Əlbəttə, hər bir azərbaycanlı futbolçu bilməlidir ki, milli komandaya düşmək istəyən klubunda yaxşı oynamalıdır. “Neftçi” bu məşhur stadiona çıxacaqsa, onlarda böyük həvəs, istək olmalı və mütləq öz potensialını açıb göstərmək lazımdır. Sözsüz ki, biz bura milli komandanın futbolçularını izləməyə gəlmişik və onların hamısı haqda mütləq məlumat veririk.

- Ancaq elə futbolçular var ki, sizin bunu lazımınca etmədiyinizdən gileylənirlər. Konkret olaraq, qapıçı Davud Kərimi saytımıza müsahibəsində sizdən narazılıq etmişdi...
- O müsahibəni oxumuşam. Qərarı Foqts versə də, biz onu məlumatlandırırıq. Mən bir Nazim Süleymanov kimi onlara deyə bilərəm ki, əgər böyük futbolçu olmaq istəyirlərsə, birinci günahı özlərində axtarmalıdırlar. Özlərindən tələb etməli, yaşıl meydançada sübut etsinlər ki, biz güclüyük və komandanı arxamızca dartırıq. Niyə də olmasın? Avroliqa böyük bir bazardır. Bu, futbolçular üçün böyük bir şansdır. Avropanın gözü elə burdadır. Biz menecerlərdən danışırıq. Onlar buranı diqqətdə saxlayır. Yaxşı bir şansdır və mütləq yaxşı oynamaq, çalışmaq lazımdır. Siz nə bilirsiniz ki, sabah hansı futbolçu hansı bir kluba keçə bilər. Bu mənada “İnter” – “Neftçi” oyunundan çox şey asılıdır. Futbolçunun özündə məsuliyyət, işgüzarlıq, nizam-intizam olmalı və bunu yaşıl meydançada göstərmək lazımdır.

Mehman SÜLEYMANOV
MİLAN