“Qarabağ”ın formasını dolabda saxlayıram”
13.12.2012 - 10:25
“Qarabağ”ın formasını dolabda saxlayıram”
“Peşəkar karyeramı bitirsəm də həvəskarlar arasında Donbass çempionatında çıxış edirəm. Şərəfini qoruduğum “Rubin”in heyətində çempion adını da qazanmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Denis Sokolovski deyib.

Ukraynanın “Şaxtyor” klubunun məşhur futbolçusu Mixail Sokolovskinin oğlu artıq peşəkar karyerasını başa vurub. İndiyədək 17 klubda peşəkar futbolçu kimi çıxış edən yarımmüdafiəçi “Qarabağ”ın onun üçün xüsusi yerdə olduğunu gizlətməyib: “Şərəfini qoruduğum klublardan “Vorskla”, “Qarabağ”, “Panionios”un formalarını dolabımda saxlayıram. Bundan başqa şkafımda sevimli “Milan”ımın, Oleq Veretennikovun adı yazılan “Aris”in və atamın mənə bağışladığı “Brügge”nin formaları var.Hələ də təəssüflənirəm ki, “Valensiya” ilə yoxlama oyunundan sonra Joselin Anqlomanın formasını ala bilmədim”.

Sokolovski dost münasibətlərində olduğu futbolçuların ada adlarını açıqlayıb. Maraqlıdır ki, o, özü kimi Azərbaycanda oynamış həmkarları ilə yaxın münasibətlərdədir: “Ətrafımdakıların hamısı futbol adamlarıdır. Daha çox atamla, həmçinin Sergey Kravçenko və Vitali Postranski ilə ünsiyyətdə oluram”.

Qeyd edək ki, Kravçenko da Sokolovski kimi “Qarabağ”da, Postranski isə “Simurq”da çıxış edib.