“Yeni ilə 20 xalla yollanmaq istəyirik”
13.12.2012 - 15:44
“Yeni ilə 20 xalla yollanmaq istəyirik”
“Hazırlığımızı normal şəkildə davam etdiririk. Düzdür, heyətdə hələ də bəzi problemlərimiz qalmaqdadır”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın futbolçusu Ceyhun Sultanov deyib.

Topaz Premyer Liqasının XVII turu çərçivəsində səfərdə “Rəvan”la qarşılaşacaq “Gənclik şəhəri”nin təmsilçisi məşqlərini “Bayıl Arena”da davam etdirir.

Komandanın yarımmüdafiəçisi hazırlıq mərhələsi və həftəsonu baş tutacaq “Rəvan” oyunu haqqında klubun rəsmi saytına açıqlama verib: “Tam onbirliklə meydana çıxa bilmirik. Amma son qarşılaşmalarla müqayisədə əsas heyət üzvlərindən iki-üç futbolçumuz sıraya qayıdıb. Kollektivdə əhval-ruhiyyə də yüksəkdir. Mövsümün “ekvator xəttinə” çatmaq üzrəyik. Hamılıqla çalışırıq ki, birinci dövrəni uğurlu nəticələrlə tamamlayaq. Bunun üçün var qüvvəmizlə hazırlığımızı davam etdiririk. Əsas məqsədimiz ilk olaraq, “Rəvan”la qarşılaşmadan 3 xalla ayrılmaqdır”.

O bildirib ki, “Rəvan”ı məğlub etmək məcburiyyətindədirlər: “Ardınca bizi “Kəpəz”lə çətin oyun gözləyir. Ümumilikdə götürsək, qarşıdakı 2 qarşılaşmadan maksimum nəticə ilə ayrılıb yeni ilə 20 xalla yollanmaq istəyirik. İnşallah, bütün komanda ilə bu istəyimizə çatarıq”.

Qeyd edək ki, Sultanov cari mövsümdə “Sumqayıt”ın heyətində Premyer Liqada 14 qarşılaşmada 1132 dəqiqə meydanda olub.