Böyükağa və “Böyük oyun”
13.12.2012 - 17:12
Böyükağa və “Böyük oyun”
Bilmirəm, “Xəzər Lənkəran”ın ispaniyalı çalışdırıcısı Karles Bakes dünyanın ən güclü baş məşqçiləri siyahısında neçənci yerdədir. Türklər demişkən, heç umurumda da deyil.

Amma məmləkətin “böyük uğurlara”- ifadə bizim deyil - imza atmış “xalq komandası” “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu siyahıda ilk “yüzlüy”ə düşməsə də, “minliy”ə düşməyi bacarıb. Böyükağa müəllim düz 829-cu pillədə qərarlaşıb.

Düzü fikirləşirdik ki, kimsə Böyükağa müəllimdən bu müqəddəs yer barədə də nəsə soruşacaq və o, da ənənəvi hazırcavablığı ilə maraqlı açıqlamalar verəcək. Amma “zəif” böyük məşqçidən heç kim heç nə soruşmadı. Bəlkə də müəllimin vaxtı yox idi, açıqlamaya-filana cavab verməyə; çünki “Böyük oyun” ərəfəsidi.

Amma sən demə, “zəif”in zəif damarını tutan tapılıb. Düzdür, baş məşqçi Bakesin ünvanına daş atmayıb, amma köhnə xatirələrə qayıdıb: “Onu tanımıram. Cavandı. Hörmətim var. Ona uğurlar arzulayıram. O vaxt Rednik özü mənə söz atmışdı ki, “onun komandası ilə nənəm də oynayar”. Mən də cavabında dedim ki, onun nənəsinin qabağına azərbaycanlı babamı çıxararam. Mənim “Xəzər Lənkəran” rəhbərliyinə də böyük hörmətim var. Komandanın təzə baş məşqçisi ilə nə işim ola bilər ki?”

Olanlara qayıdıb, necə deyərlər, sandıq içi açıb. Amma sözün həqiqi mənasında sandığı açıb oradakı statistikanı çölə töksələr, bu Böyükağa müəllimin heeeç xeyrinə olmayacaq. Niyə də olsun ki?

Özünüz fikir verin; “Xəzər Lənkəran” və “Neftçi”- yeri gəlmişkən yubiley, 25 matçdır –qarşılaşmalarında, son 5 ildə “Neftçi” səfərdə qalib gələ bilmir ki, bilmir.

Səbəbi? Səbəbi necə deyərlər “n” qədər.

Amma ən əsas səbəbi?

Hə, burda, bu məqamda hakimlikdən danışmamaq olmur ki, olmur. Yəqin xəbəriniz var, sabahkı oyuna Fariz Yusifov təyin olunub. Neyləyək, Azərbaycan futbolunun yazılmamış - bəlkə də haradasa yazılıb e, xəbərimiz yoxdur - qanunudur, bizim hakimlər bu, ya digər komandaya rəğbət bəsləməsələr mümkün deyil. Hər bir klubumuzun, - zavallı “Turan”ı, “Sumqayıt”ı və bunlar kimiləri demirik, hərəsinin bir sevimli hakimi var.

Amma Allahın işidir, birdən “Neftçi” çaşıb səfər orucunu pozdu və qalib gəldi, onda aləm qarışacaq Lənkəranda. Ağlınız, “Bakı”nın, “İnter”in azarkeşlərinə getməsin, bu zalım uşağı yay-qış stadionu doldurular. Hələ üstəlik, rəqib “Neftçi” ola...

Və həm də, gəl indi Böyükağa müəllimin qabağında dayan. Əcnəbi məşqçilərin “qənimiyəm və bunu bir daha sübut etdim” deyibən, onu sakitləşdirmək çətin mümkün olsun.

Heç-heçə? Yox, daha bunun harası “Böyük oyun” oldu ki? Lənkəran azarkeşi meydana çıxmadı, “Neftçi” azarkeşlərinin üstünə cummadı, “Neftçi”də plakat asıb ağzına gələndən yazmadı, Böyükağa müəllim mətbuat konfransında coşub-daşmadı, nə “Böyük oyun”?

Məncə, əsil oyun elə 90-cı dəqiqdən sonra başlayacaq.

Di haydı, Lənkərana!!!

Səbuhi MƏMMƏDLİ