Abdurrahim Albayrak: “Qalatasaray” Azərbaycana mütləq gələcək - MÜSAHİBƏ
13.12.2012 - 18:48
Abdurrahim Albayrak: “Qalatasaray” Azərbaycana mütləq gələcək - MÜSAHİBƏ
“Qalatarasaray”ın İdarə Heyətinin üzvü Abdurrahim Albayrak jurnalistlərin suallarını cavablayıb. Apasport.az saytının məlumatına görə, Albayrak bu gün “GS Store” mağazasının açılışında brifiniq keçirib.

- Ümit Davala və Hasan Şaşın da sizinlə birgə bura gələcəyi deyilirdi...
- Bildiyiniz kimi, qarşıda “Fənərbaxça” ilə derbi var. Həm Fatih hocanın, həm də Ümit Davala ilə Hasan Şaşın sizə çoxlu salamı var. Bura gəlməyi onlara və klub prezidentinə də demişdim. Ancaq bizim üçün bu derbi çox önəmlidir. Bu üzdən onlar gələ bilmədi. Mən isə “Qalatasaray”ın səhərki məşqini izləməyib bura gəldim. Sabah səhər 8-in yarısında Türkiyəyə uçacam və birbaşa səhər məşqini izləmək üçün stadiona gedəcəm. Nə olar, məşqçilərimizin bura gələ bilməməsinə görə onlardan küsməyin. Bilirsiz ki, son vaxtlar işlərimiz çoxdur. Braqada oynadıq, sonra Sivasa getdik, ordan gəlib kubok matçına çıxdıq. Bu üzdən onların gələ bilməmələrini anlayışla qəbul etməyinizi istəyirəm.

- Derbi haqda düşüncələriniz necədir?
- Bu derbi tək Türkiyədə yox, bütün Avropada ən çox izlənilən derbilərdəndir. Hər iki komanda Avropada uğurla gedir. İnşallah, yaxşı nəticə qazanarıq. Derbinin centlmen mübarizə şəraitində keçməsini arzulayıram. Ümid edirəm ki, burdakı tərəfdarlar da hər iki komandanın avrokuboklardakı çıxışına çox sevinir. Milyonlarla tamaşaçının qalmaqalsız derbi izləməsini istəyirəm. Braqada qol vurduq, sevindim, oynadım. Amma Portuqaliyada heç kim buna görə mənə güldən ağır söz demədi. Türkiyədə də belə şeyləri artıq normal qəbul etməyin zamanıdır. “Türk Telekom Arena”da “Mançester Yunayted”lə qarşılaşdığımız zaman ingilis azarkeşlər bizim aramıza gəldi. Oturduq, çay içdik, eləcə də onları xoş şəkildə yola saldıq. Artıq bizim tribunalara mesaj verməyimiz lazımdır. Biz ağzımızdan çıxan hər bir sözə görə diqqətli olmalıyıq.

- “Qalatasaray”a burda böyük sevgi var. Komandanızı burda nə vaxt görə biləcəyik?
- Bura gəlməyi çox istəyirik. Azərbaycanı öz qanımız, öz canımız kimi sevirik. Biz bura mütləq gələcəyik. İnşallah, toplanışlardan birində Azərbaycana gəlmək istəyirik. Həm burda hazırlıq matçı təşkil edərik, həm də dərdləşərik. Çünki sizin üçün çox darıxmışıq. Bunu açıq söyləyə bilərəm.

- Burak Yılmazın komandadan gedəcəyi deyilir...
- Burak çox önəmli bir futbolçumuzdur. Belə olmasaydı, onun transferi üçün bu qədər əziyyət çəkməzdik. O, “Spartak”ın düşərgəsində idi və müqavilə bağlamağa hazırlaşırdı. Ancaq biz onu ordan gətirə bildik. Bu da klub rəhbərliyinin gördüyü düzgün transfer işinin nəticəsidir.

- Ötən il sizin “Neftçi” ilə yoxlama oyunlarınız olmalıydı. Bu klubla əməkdaşlığınız mövcuddur?
- Yox, belə bir şey yoxdur.

- Çempionlar Liqasında hədəfiniz nədir?
- Bayaq həm “Qalatasaray”, həm də “Fənərbaxça”ya avrokuboklarda boşuna uğur arzulamadım. Onların nə qədər çox irəliləməsi digər klublarımızın da avrokuboklara yolunu açır. “Qalatasaray” bu il daha yüksək yerlərdə qərarlaşsa, gələn il Çempionlar Liqasının qrup mərhələsində birdən-birə 2 komanda ola bilər, 1 klub isə təsnifat mərhələsindən qoşula bilər.

- Birdən bu mağazanın məhsullarına maraq istədiyiniz kimi olmasa, bu mağazanı bağlayacaqsız?
- Heç “Qalatasaray”ın məhsuluna maraq az ola bilərmi? Bir neçə il öncə Dubayda olanda məndən soruşdular ki, haralısan? Dedim ki, Türkiyədənəm. O dəqiqə mənə dedilər: Türkiyə, “Qalatasaray”, Burak, Hasan Şaş. Yəni Türkiyə deyiləndə bizim klub ilk növbədə yada düşür. Dünyanın harasına gedirsizsə, gedin. Xüsusən də müsəlman ölkələrində 100 insandan birinin ağlına birinci “Qalatasaray” gəlir. İndi klubun mağazası artıq Bakıdadır. Baxın, özünüz görəcəksiz, birazdan burda almağa mal tapılmayacaq (gülür).

Səbuhi TOFİQOĞLU