Ağasəlim Mircavadov: “Neftçi”nin başqa oyunu yoxdur – MÜSAHİBƏ
14.12.2012 - 12:11
Ağasəlim Mircavadov: “Neftçi”nin başqa oyunu yoxdur – MÜSAHİBƏ
Azərbaycanın tanınmış məşqçisi, vaxtilə “Neftçi” və “Xəzər Lənkəran” klubları ilə ölkə çempionu olmuş Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Bu gün vaxtilə Azərbaycan çempionu etdiyiniz 2 komanda - “Xəzər Lənkəran” və “Neftçi” arasında oyun keçiriləcək. “Böyük oyun” kimi tanınan bu qarşılaşma haqda nə düşünürsünüz?
- Bu, adi oyun deyil. Baxmayaraq ki, komandalar bu görüşə fərqli durumda gəliblər. “Neftçi” 3 oyun az keçirdiyindən Topaz Premyer Liqasının potensial lideridir. Lakin bir iş də var ki, həmin 3 qarşılaşmanı qazanmaq lazımdır. Hətta heç-heçə olacağı halda da, paytaxt təmsilçisi bu üstünlüyünü saxlayacaq.

- Cari mövsümdə hələ heç-heçəsi olmayan “Neftçi”nin Lənkərana 1 xal dalınca getdiyini düşünmək olarmı?
- Belə demək olmaz. Çünki “Neftçi” hər zaman qələbəyə oynayan komandadır.

- “Neftçi”dən fərqli, “Xəzər Lənkəran”ın durumu o qədər də yaxşı deyil...
- Deyərdim ki, hər xal “Xəzər Lənkəran” üçün qızıla bərabərdir. Komanda son oyunlarda qələbə qazana bilmir. Buna baxmayaraq, doğma meydanda oynadığından azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcək.

- Bu matçın taleyini nə həll edəcək?
- Belə qarşılaşmada motivasiya vacib amillərdəndir. Bundan başqa, kollektiv oyunu, komandaların liderlərinin necə çıxış etməsi də həlledici ola bilər. Bir sözlə, azarkeşlər gərgin, mübarizəli oyunun şahidi olacaq.

- Meydan amili nə dərəcədə əhəmiyyət kəsb edəcək?
- Burada oyunun hansı komandanın meydanında keçirilməsindən daha çox ot örtüyünün durumu əhəmiyyət kəsb edir. İndi Bakıda yağış yağır. Bilmirəm ki, Lənkəranda vəziyyət necədir, meydançanın durumu necədir? Bu da çox vacib məsələdir. Bir var futbolçu rəqiblə mübarizə aparsın, bir də var meydança ilə.

- Bu oyunun favoriti kimi görürsünüz?
- “Xəzər Lənkəran” son oyunlarda qələbə qazana bilmir. Öz meydanında AZAL-a uduzub, “Bakı” ilə heç-heçə etdi. Buna görə bir az psixoloji gərginlik var. “Neftçi” isə oturuşmuş heyətə malikdir. Səfərdə də bakılılar öz oyununu oynayacaqlar. Əslində, “Neftçi”nin başqa oyunu da yoxdur. Onlar hücumameylli, ötürmələrlə oynayır.

- “Xəzər Lənkəran”ın son turlarda qalib gələ bilmədiyini dediniz. Sizcə, komandada nə problem var?
- Açığı, komandanın oyunlarına baxmamışam ki, nəsə deyə bilim. Yalnız “Simurq”la qarşılaşmanın 30 dəqiqəsini gördüm.

- Kənardan problemin kökü nədə görünür?
- Eşitdiyimə görə, “Xəzər Lənkəran” çox qol imkanları yaradır. Lakin istifadə edə bilmir. Bir sözlə, hücumda problem var. Qolların da böyük hissəsini yarımmüdafiəçilər vurur. Rahid Əmirquliyev də vurur, müdafiəçi Manuel Skarlatake də. Yaradılan imkanları qola çevirə bilən hücumçu çatışmır.

- Premyer Liqanın bombardiri – “Neftçi”nin üzvü Nikolas Kanales kimisini nəzərdə tutursunuz?
- Yox. Kanales başqalarından asılı futbolçudur. O, özü qol imkanı yaratmır, başqalarının yaratdığını qola çevirir. Mən elə hücumçuları deyirəm ki, həm özü yaradır, həm də istifadə edir.

- Kimi nəzərdə tutursunuz?
- Belə hücumçular bizdə azdır. Bu mənada “Qəbələ”nin hücumçularını – Viktor Mendi ilə Yannik Kamananı fərqləndirərdim. Bir də “Neftçi”də oynayan braziliyalı...

- Flavinyonu nəzərdə tutursunuz?
- O, yarımmüdafiəçi olsa da, qol imkanları yaratmaqla yanaşı, özü də fərqlənməyi bacarır.

- Avropa Liqasına görə “Neftçi”nin oyunlarının təqvimi sıxdır. Bunun yaratdığı yorğunluq “Böyük oyun”da hiss olunacaqmı?
- Qrup mərhələsində oynamaq “Neftçi”nin xeyrinə oldu. Futbolçular böyük təcrübə qazandılar. Bu, komandanın gənc futbolçuları üçün də böyük fayda verdi. Təsəvvür edin ki, hər il 1-2 klubumuz qrupa düşsə, lap qrupdan da çıxsa futbolumuzda necə inkişaf olacaq. Çünki bir var komandanı İtaliya “İnter”i, “Rubin”, “Partizan” kimi komandalarla oyuna kökləyəsən, bir də var ki adi çempionat oyunlarına.