AFFA “Ayaks” və “Everton”la danışıqlar aparır
17.12.2012 - 16:16
AFFA “Ayaks” və “Everton”la danışıqlar aparır
“Ayaks” rəhbərliyi ilə danışıqlar davam edir”. Bu sözləri apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Dekabrın əvvəllərində Hollandiyaya səfər edən Məmmədov “Ayaks” Futbol Akademiyasının rəhbərliyi ilə görüşüb. Məqsəd dünyaca məşhur olan bu akademiyanın Bakıda filialının açılmasıdır.

“Əvvəlki illərdə biz Azərbaycanda futbol akademiyası açmaq fikrində deyildik. Çünki o vaxt ölkədə stadionlar, məşq meydançaları yox idi. Axır vaxtlar təhlillər apardıqdan sonra beynəlxalq təcrübənin ölkəmizə tətbiq edilməsinin zamanının yetişdiyini gördük. Tanınmış futbol akademiyalarını Azərbaycana gətirmək haqda düşünürük” – deyə, Məmmədov bildirib.

Baş katib danışıqların yalnız “Ayaks”la aparılmadığını vurğulayıb. Bura İngiltərə klubu da daxildir: “Danışıqlar təkcə “Ayaks”la getmir. İngiltərənin “Everton” klubu ilə danışıqlar davam edir. Növbəti 2 ay ərzində “Ayaks” və ya “Everton” futbol akademiyası ilə bağlı müsbət nəticələrin olacağına inanıram”.