Elxan Məmmədov: Onu itirmək istəmirik
17.12.2012 - 17:08
Elxan Məmmədov: Onu itirmək istəmirik
“Yığmamızın baş məşqçisi bir neçə dəfə bu məsələni Andrey Popoviçlə müzakirə edib. Biz problemdən xəbərdarıq. Alternativ hər zaman var. Şimali İrlandiya ilə oyun bir daha bunu sübut etdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, spirtli içki içdiyi üçün “Turan”dan qovulan millimizin qapıçısı Andrey Popoviçin gələcək taleyinə münasibət bildirib.

Məmmədov bir neçə gün əvvəl “Turan” rəhbərliyi ilə görüşdüyünü deyib: “Özüm xahiş etdim ki, onu yenidən komandaya dəvət etsinlər və şans versinlər. Unutmayaq ki, Popoviç yığmanın qapıçısıdır. 4 ildir millini təmsil edir. U-17 yığmamızdan başlayaraq, digər komandaların formasını geyinib. Onu itirmək istəmirik. Təbii ki, bu məsələdə bütün məsuliyyət qapıçının üzərinə düşür. Başa düşməlidir ki, hər bir komandanın intizam qaydaları var və ona riayət etməlidir. Bildiyimə görə, hələ “Turan” rəhbərliyi ilə görüşməyiblər. Amma futbolçu komandaya dəvət edilib və məsələ bu həftə həllini tapmalıdır”.