Elhad Nəziri: Heç nədən çəkinmirəm
17.12.2012 - 19:03
Elhad Nəziri: Heç nədən çəkinmirəm
Azərbaycan millisinin futbolçusu Elhad Nəzirinin apasport.az saytına müsahibəsi

- Millinin heyətində ötən ay Şimali İrlandiya ilə səfərdəki rəsmi görüşdəki debütünüzdən sonra klubunuz “Milsami”də oynamırsınız. Buna səbəb nədir?
- Hər şey qaydasındadır. Komanda 2 tur dalbadal udmuşdu və bunu hamı bilir ki, qalib heyət dəyişilmir. “Zimbru” ilə heç-heçə etdikdən sonra baş məşqçimiz “Daçiya” ilə oyun qabağı mənə dedi ki, əsas heyətdə oynayacaqsan. Sadəcə, məşqdə yüngül zədə aldım. Bu, əməliyyat olunan ayağımdan idi. Topa zərbə vurarkən komanda yoldaşımla toqquşdum. Həkimlər 2 həftə dincəlməyimi məsləhət gördülər. İki oyunda ümumiyyətlə, stadionda olmadım, matçlara kənardan baxdım. İndi Azərbaycanda müalicəmi davam etdirirəm.

- Məşqlərə nə vaxt başlayacaqsınız?
- 2-3 günə tam məşqlərə başlayacağam. Millinin baş məşqçisi Berti Foqtsun köməkliyi ilə fərdi məşq edib, bundan sonra tam hazırlaşa biləcəyəm.

- Zədədən sonra əsas heyətdə yerinizi qaytarmaq çətin olmayacaq ki? Üstəlik, baş məşqçiniz də yenidir və sizi o transfer etməyib...
- Yox, çətin olmayacaq. Yeni baş məşqçi gələndən 5 oyunumuz olub. Onun ikisində oynamışam, 1 matçda ehtiyatda qalmışam, 2-də də zədəli olmuşam. Ancaq belə götürəndə, heç nədən çəkinmirəm. Çünki yanvarda Antalyada təlim-məşq toplanışımız olacaq. Çalışacağam ki, əlimdən gəldiyi qədər əsas heyətdə yerimi saxlayım və qoruyum.

- Qış fasiləsində başqa kluba keçməyə imkan yaranır. Klubunuzu dəyişməyi düşünmürsünüz?
- Bu haqda heç nə bilmirəm. Bununla menecerim məşğul olur.

- Bəlkə klubda probleminiz var, sadəcə, bu haqda açıqlama vermək istəmirsiniz?
- Xeyr.

- Baş məşqçi ilə münasibətlərinizdə problem yoxdur ki?
- Onunla da münasibətlərdə hər şey qaydasındadır. Sadəcə, hələlik klubumla müqaviləm var. Qismət olarsa, başqa kluba keçib-keçməyəcəyimi açıqlayacağam.

- Millidə debüt edəndən sonra Moldovada sizi necə qarşıladılar?
- İstər klub rəhbərliyi, istərsə də baş məşqçi ilə futbolçuların hamısı məni Şimali İrlandiyadan xal gətirdiyimizə görə təbrik elədi.

- Maraqlıdır, onların son saniyələrdə buraxdığımız qolda təyin edilən cərimə zərbəsinin sizin səhvinizin olmağı haqda məlumatları var idi?
- Bəli, bu, futboldur. Peşəkar futboldan anlayışı olan insan bu səhvi normal qəbul etməlidir.

- Yekunlaşmaqda olan 2012-ci ili özünüz üçün necə dəyərləndirərdiniz?
- Mənim üçün ən yadda qalan o oldu ki, millinin heyətinə qoşularaq, ilk oyunuma çıxdım. Bundan əlavə, legioner həyatı yaşayaraq, Moldova çempionatında debüt etdim. Bunları nəzərə alsaq, il mənim üçün uğurlu oldu.

- Bu gün iştirak etdiyiniz tədbirdə komanda yoldaşlarınız mükafatlandırıldı. Siz özünüzü bu kürsüdə nə vaxt görürsünüz?
- Hələ gəncəm, 20 yaşım var. İnşallah, bu mükafat mənə də qismət olar. Fərqi yoxdur, kim qazanır-qazansın. Əsas odur ki, mükafat azərbaycanlı futbolçuya qismət olur.


Mehman SÜLEYMANOV