“Xəzər Lənkəran”da qalacağım hələ bilinmir”
18.12.2012 - 00:01
“Xəzər Lənkəran”da qalacağım hələ bilinmir”
“Xəzər Lənkəran” klubunun və Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XVII turunda keçmiş komandanız “Neftçi”yə qalib gəldiniz. Matç sizdə hansı təəssürat oyatdı?
- Əlbəttə, qələbə qazandığımızdan, əhval-ruhiyyəmiz yüksəkdir. Belə oyunlarda qələbə çox vacib olduğundan, oyun yadımızda yaxşı təəssüratla qaldı. Düzdür, çətin oyundan sonra bir az yorulmuşuq.

- Başa çatmaqda olan 2012-ci ili necə dəyərləndirərdiniz?
- Sözsüz ki, Azərbaycanda futbol inkişaf edir, səviyyə yüksəlir. Hər şeyi dərhal etmək real, mümkün deyil. Böyük turnirlərin final mərhələsinə düşmək üçün vaxt lazımdır. Ancaq fakt odur ki, futbolumuz hər il yaxşılaşır. Əlbəttə, daha yaxşı ola bilər və inşallah, gələn il bundan da yaxşı olar.

- Bəs il sizin üçün necə keçdi?
- Elə də yaxşı olmadı.

- Niyə?
- Bilmirəm. Təbii ki, hücumçunun həmişə çox qol vurmağını istəyirlər. Hər il daha çox qol vurmağı arzulayırsan.

- Deməli, bu il vurduğunuz qolların sayından razı qalmamısınız?
- Əlbəttə. Mən bilirəm ki, məhsuldarlığım bundan qat-qat yaxşı ola bilərdi. Ümid edirəm ki, gələn il mənim üçün daha yaxşı olacaq.

- Az öncə qol seriyanız olsa da, bu, dayandı. İndi hücumdakı yunan tərəfdaşınız Dimitrias Sialmas fərqlənir...
- Əvvəl 1 hücumçu ilə oynayırdıq. İndi isə 2 hücumçu ilə oynayırıq. Mənimlə yanaşı, Sialmas hücumda çıxış edir. Mənə indi bir az rahatdır. Çünki artıq əvvəl kimi bütün yük mənim üzərimdə deyil. Biz baş məşqçi ilə danışdıq və taktika bir az dəyişilib. İndi daha yaxşı oldu və mənə elə gəlir ki, bundan da yaxşı olacaq.

- “Xəzər Lənkəran”ın bu ilki çıxışına necə qiymət verərdiniz?
- Komandamız ilboyu sabit oynamadı. Turnir cədvəlində indiki vəziyyətimiz pis deyil. Biz liderdən 6 xal geridəyik. Hər şey qabaqdadır və “Xəzər Lənkəran” hər il olduğu kimi, çempionluğa oynayacaq. Bu mövsüm də şansımız realdır.

- “Xəzər Lənkəran”la müqaviləniz bu ayın sonunda bitir. Gələcək taleyinizə aydınlıq gətirdinizmi?
- Hələ yeni müqavilə bağlamaq haqda bir şey deyə bilmərəm. Hələ özüm bunu bilmirəm. Düşünüb, baxarıq. Qalıb-qalmayacağım məsələsi hələ həll olunmayıb.

- Bu, nə vaxt həll olunacaq?
- Dəqiq deyə bilmərəm. Ümid edirəm ki, qarşıdakı günlərdə buna baxacağıq.

- Özünüz komandada qalmaq istəyirsiniz?
- Hələ bu haqda bir şey demək istəmirəm. Rəhbərliklə danışıqlardan sonra məsələyə aydınlıq gətirəcəyik.

- Millimizdə uzun müddətdir oynasanız da, AFFA-nın mükafatlandırma mərasimində fərqlənə bilməmisiniz. Nə vaxtsa özünüzün da bu kürsüdə olacağına real sayırsınız?
- Düzdür, bu, hələ məndə alınmayıb. Müxtəlif nominasiyalarda fərqlənsəm də, AFFA-nın keçirdiyi belə mükafatlandırmada qalib olmamışam. Ümid edirəm ki, məni də belə mərasimdə təbrik edəcəklər.

- Bu il millimizin ən yaxşı futbolçusu “Xəzər Lənkəran”da da komanda yoldaşınız olan Ruslan Abışov seçildi...
- Mən ona görə şadam. Ruslan bu mükafata layiqdir.

Mehman SÜLEYMANOV