“Bu oyunda da əsas hədəfimiz 3 xaldır”
17.12.2012 - 21:28
“Bu oyunda da əsas hədəfimiz 3 xaldır”
Topaz Premyer Liqasının 17-ci turunda səfərdə “Rəvan” üzərində əzmkar qələbə qazanan (3:2) “Sumqayıt” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, komandanın heyətində son 3 qarşılaşmada 90 dəqiqə meydanda olan Emin Cəfərquliyev qələbə haqqında fikirlərini bildirib:

“Rəvan”la qarşılaşmaya olduqca ciddi hazırlaşmışdıq. Bu oyunda 3 xal bizə hava-su kimi lazım idi. Çünki qələbə qazanıb təhlükəli mövqedən uzaqlaşmaq istəyirdik. Buna qədər keçirdiyimiz son qarşılaşmalarda da qələbəyə yaxın olmuşduq. Lakin bəzi məqamlarda öz səhvlərimiz ucbatından meydanı xalsız tərk etmişdik. Komanda sözün əsl mənasında "Rəvan"la qarşılaşmada sona qədər döyüşdü və qələbə qazandı. Hamını təbrik edirəm”.

Həmçinin yarımmüdafiəçi Premyer Liqanın 18-ci turunda “Kəpəz”lə qarşılaşacaqları matça da şərh verib: “İndi qarşıda bizi daha çətin oyun gözləyir. “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşdığı üçün meydana yalnız qələbə üçün çıxacaq. Olduqca maraqlı qarşılaşma olacaq. Bu oyunda da əsas hədəfimiz 3 xaldır. İnşallah qələbə qazanıb dövrələrarası fasiləyə 20 xalla yallanarıq”.

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” matçı dekabrın 20-də keçiriləcək.