Vaqif Cavadov: ... qazancımız çox olacaq
18.12.2012 - 12:17
Vaqif Cavadov: ... qazancımız çox olacaq
“Qarabağ” klubunun və millinin yarımmüdafiəçisi Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- “Qarabağ” hesabat turunun “Bakı” ilə oyununda yenə xal itirdi. Niyə ardıcıl qələbə qazana bilmirsiniz?
- Bilirsiz, “Bakı” ilə görüşdə 3 xal qazanmağı biz hamıdan çox istəyirdik. Rəqibə də qələbə lazım idi. Amma futbol elə oyundur ki, nəticəni əvvəlcədən proqnozlaşdıra bilmirsən. Hər halda, rəqib meydanında qazandığımız 1 xal da pis nəticə deyil. “Bakı” son vaxtlar yaxşı oyun nümayiş etdirirdi. Hava şəraiti meydanda yaxşı çıxış etməyə imkan vermirdi. Qol imkanlarımız çox olsa da, “çərçivə”yə düşə bilmədik.

- Qol vurmaqda çətinlik çəkirsiniz. Bunun səbəbi nədir?
- Son oyunlarda problem olmayıb. Bütün matçlarda komandanın qol vurmağı mümkün deyil. Elə qarşılaşmalar olur ki, bunu bacara bilmirsən. Qabaqda “Xəzər Lənkəran”la oyunumuz var. Çalışacağıq ki, qələbə qazanıb, qış fasiləsinə zirvədə yollanaq.

- 17 tur arxada qalıb. Bu müddəti necə dəyərləndirirsiniz?
- Həm yaxşı, həm də pis dövrlərimiz oldu. Bizim üçün sevindiricisi odur ki, “qara zolaq”dan çıxdıq. Heç kim gözləmirdi ki, biz yenidən turnir cədvəlinin üst sıralarına yüksələk. Çünki ardıcıl xallar itirmişdik və turnir cədvəlində geriləmişdik. Bu da müsbət məqamdır.

- Həftəsonu “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Rəqib son oyunda “Neftçi”ni məğlub etməklə, iddiasını göstərdi. Bu dueldə nəyə ümid edirsiniz?
- Bizim üçün ilin son rəsmi oyundur. Komandada hər şey qaydasındadır. İstəyirik ki, 2012-ci ili qələbə ilə başa vuraq. Lənkəran təmsilçisi də son matçda qələbə qazanıb və əhval-ruhiyyələri yaxşıdır.

- Təxminən 2 həftədən sonra 2012-ci il tarixin yaddaşına həkk olunacaq. Başa çatmaqda olan il sizin üçün necə keçdi?
- Həm millidə, həm də klubda yaxşı oyunlar keçirdik. Nəticələr də hələlik pis deyil. Millini götürdükdə, 3 səfər oyunundan bir xal qazandıq. Uduzduğumuz oyunlarda qrupun liderləri ilə qarşılaşmışdıq. Rusiya kimi komanda sona yaxın qapımıza yol tapdı. “Qarabağ” mövsümə yaxşı başladı. Enişin ardından yüksəlməyə başladıq. Bu da yaxşı amildir. Düşünürəm ki, yeni ildə daha yaxşı hazırlaşıb, yaxşı motivasiya ilə başlayacağıq.

- Yığma Portuqaliya və Rusiyaya qarşı nümayiş etdirdiyi oyunla çox tənqid olundu. Necə düşünürsünüz, bu gün millimiz həmin komandalara qarşı açıq futbol nümayiş etdirəcək gücdədir?
- İnanmıram ki, qrupumuzdakı digər komandalar Rusiya və Portuqaliyaya qarşı açıq futbol oynasın. Onlar liderlərdir. Liderlərə qarşı da, heç vaxt açıq futbol oynamazlar. Məsələn, indiki məqamda “Turan” “Qarabağ”a qarşı açıq futbol oynaya bilər? Bu, mümkün deyil. Bizim də Rusiya ilə qarşılaşmağımız eyni ssenari idi. Çünki biz müdafiədən oynasaq, qazancımız çox olacaq. Baxın, buna görə Rusiya yalnız sona yaxın penaltidən qol vurdu. Razılaşıram, qola qədər təhlükəli epizodları da çox idi. Bu da komandalar arasındakı gücün nəticəsidir.

- Yeri gəlmişkən, 2012-ci ildə ünvanınıza səslənən tənqidlər də az olmadı. Bunlardan nəticə çıxara bildinizmi?
- Başımı salıb, futbolumu oynayıram. Tədricən formamı bərpa edib, sabit çıxış edirəm. Qaldı ki, tənqidlərə, bu, bütün futbolçulara şamildir. Üzdə olan oyunçular haqda tənqidi fikirlər hər zaman olacaq. Arzulayıram ki, yeni ildə millinin üzvləri yaxşı forma yığsınlar və uğurlu il keçirək.

- Bəs hansı arzularınızın çin olmasını istərdiniz?
- Xalqımızın sevincli günlərinin sayının daha çox olmasını, futbolçulara isə zədəsiz mövsüm keçirməyi arzulayıram. Hər zaman uğur qazansınlar.